Xacə Əbasəlt Hərəvi adı ilə məşhurlaşmış Əbdus-səlam ibni Saleh ibni Süleyman hicri tarixi ilə 160-cı ilində Mədinədə dünyaya göz açıb. O, seçilmiş elm adamı və hədis nəql edən səhabələrdəndir.
Bir çox elmi kitabların müəllifidir. Kitablarından biri İmam Rzanın (ə) əhvalatları və dünyasını dəyişməsindən bəhs edir. Elmə böyük marağı olduğundan Bağdad, Bəsrə, Kufə, Hicaz, Yəmən və s şəhərlərə səfərlər edib. Bir çox alimlərdən çoxlu hədis öyrənib. İmam Rza (ə) Mədinədən Xorasana hicrət edərkən İmamın (ə) məhzərinə gəldi.
İmam (ə) şəhadətə çatana kimi həzrətin (ə) feyzlə dolu vücudundan bəhrələnib. Beləki tarixi mətnlərdə Əbasəlt İmam Rzanın (ə) xidmətçisi kimi xatırlanır.
İmam (ə) şəhadətə çatdıqdan sonra İslamın nurani məktəbinin və düşüncəsinin xidmətində olub. İmamın (ə) tövsiyəsi əsasında gücü çatdığı miqdarda şiə məarifini təbliğ etməklə məşqul oldu.
Bunun nəticəsində Əbbasi xəlifəsi Məmunun məmurları tərəfindən təqib olunmağa başladı. Həbs olunduqdan sonra bir il zindanda qaldı. Zindanın çoxlu çətinlikləri və əzablarından İmam Cavada (ə) təvəssül etdi. Nəql olunur ki, Həzrətin (ə) inayəti ilə zindandan nicat tapdı.
Hərata gedərək bir müddət orada yaşayır. Səfərləri boyu Məmunun və Bəni-Əbbasın cinayətlərini ifşa etməklə məşğul olurdu. Tarixi faktlara əsasən öz zamanının xəlifələrinin qəzəbinə tuş gəldi.
Əbasəlt öz əsrinin üç İmamını görüb. Tarixi sənədlərə əsasən hicri 236-cı ildə şəhadətə qovuşub. Bu böyük şəxsiyyətin ruhuna salavat zikr edin.
|