Bir dəfə Bəhluldan soruşurlar "Sən ki bu qədər ağıllısan, niyə bəs var-dövlətin yoxdur?" Bəhlul razılaşmır "Onu kim deyir ki, mənim var-dövlətim yoxdur?! Var, özü də lap çox. Hamısını yuxarı evdə gizlətmişəm". Bəhlulun ikimərtəbəli evi varmış. Evdə adam olmayanda fürsət tapıb soxulurlar içəri, qalxırlar ikinci qata, nə qədər axtarırlar, köhnə həsirdən savayı ələ keçəsi bir şey tapmırlar. Fikirləşirlər ki, ya Bəhlul bizi dolayırmış, ya da qəliz yerdə gizlədib, yaxşı axtarmamışıq. Söz almaq məqsədilə dalınca gedirlər və onu bir məclisdə tapırlar. Baxırlar ki, yenə var-dövlətdən dəm vurur "Mən bu dünyada nə qədər yaşayacağamsa, ona bəs edəcək sərvət toplamışam. Amma o dünya da var. Orada da nə qədər yaşayacağamsa, indidən ora üçün mal-dövlət tədarük edirəm". Oğrular başlayır Bəhlulu lağa qoymağa ki, bu Divanənin basıb-bağlamağına bənd olmayın. İndicə onun mənzilindən gəlirik. Döşünə döyürdü ki, butün mal-dövləti yuxarı evindədi. Yoxlamaq üçün getdik baxdıq, yırtıq həsirdən başqa heç nəyi yox idi. İndi də sizin başınızı piyləyir ki, mal-dövlət tədarük edirəm. Bəhlul başını bulayır "A fərsizlər, siz mənim yuxarı evimə necə çıxa bilərsiniz? Ora Allahın evidir. Elədiyin bütün tədarükü də gərək həmişə ora üçün edəsən". Bəhlul Danəndə ölümündən sonrakı həyatının diri yaşayışından min-min dəfələrlə uzun olduğunu bildiyindən əbədi həyatı, gələcəyi üçün elə tükənməz və köhnəlməz sərvət tədarük etmişdi ki, bu gün də ona rəhmət oxutdurur. Bu tükənməz, vaxt sovuşduqca azalmayıb artan, üstünə təzə-təzə sərvətlər gətirən miras onun solmaz sözləri, ibrətli düşüncələridir.
|