Yəqin ki, ömrünün hansısa dövründə dünyaya nə üçün gəldiyini düşünməyən, yaradılışın səbəbi haqqında fikirləşməyən insan yoxdur. Bəziləri bu sualı dərinliyi ilə araşdırıb, Allahın izni ilə haqqı tapır, digərləri isə kifayət qədər səy göstərmədiklərindən qafil qalırlar.Uca Allah əzəmətli Quranda bu vacib məsələyə toxunaraq, buyurur:"Mən cinləri və insanları ancaq Mənə ibadət etmək üçün yaratdım.”(ez-Zariyat surəsi, 56 ci ayə). Bəlkə də ilk baxışdan bu ayə xüsusən İslamla tanışlıqları olmayan, yaxud dinimizi yeni qəbul etmiş müsəlmanları qorxuda bilər, qəribə gələ bilər. Gecə gündüz bilmədən vaxtını dini ayinlərin icrasına sərf edib, həyatda başqa qayəsi olmamaq – bu fikir olduqca cansıxıcı səslənir.Lakin ayənin həqiqi mahiyyətini dərk etdikdə, Allaha layiqli qul olmağın bütün şərəflərdən daha üstün olduğunu anlayırsan. İslam terminologiyasında "ubudiyyə” (ibadət) sözü geniş mənaya malikdir. Bu söz özündə həm konkret dini ayinlərin məcmusunu, həm də Allahın halal buyurduqları çərçivəsində bütün yaşayış sferalarını birləşdirir. Dini rituallardan əlavə – bunlara misal olaraq, namazı, orucu, duanı və d. göstərmək olar – aydındır ki, insanın dünya həyatı ilə bağlı tələbatları, qayğı və ehtiyacları mövcuddur. Və təmamilə təbiidir ki, insan bu ehtiyaclarını ödəmək üçün güc sərf edir, çalışır. Məhz bu nöqtə müsəlmanı digər insanlardan fərqləndirir: əgər cahil ehtiyaclarını "yaşamaq üçün”, "sağlamlıq üçün”, "ailə üçün”, "filankəsin xatirinə” və s. səbəblərə bağlayırsa, müsəlman isə istər dini, istərsə də dünyası ilə əlaqədar bütün əməllərini yalnız və yalnız Allaha xas edərək, Onun razılığını qazanmaq üçün edir. Beləliklə də ən adi davranışı belə təzə don geyinmiş, gözəlləşmiş olur. Məhz bu mühüm fərq nəticəsində müsəlman işlərində Allahdan bərəkətə nail olur, cahil isə uğursuzluğa qapılır: doğmalarının istədiyi bir stəkan su onun özünü istismar olunan qulluqçu yox, Allahın razılığını qazanmağa çalışan şəxs kimi görməyə səbəb olur; hətta haqlı da olsa, mübahisə etdiyi kimsənin könlünü almağı özünə ar, alçaqlıq bilmir; nəfsinin çox sevdiyi qadağan olan bir şeydən əl çəkmək ona asan olur. Bəli, müsəlmanı digərlərindən fərqləndirən, istənilən əməli adilikdən çıxarıb, Allaha ibadət səviyyəsinə ucaldan həmin kiçik, amma mühüm nöqtənin adı Allahın razılığını qazanmaqdır. Hansısa digər rızalar üçün edilən əməl sonda heç bir nəticə verməsə də, Allahın rızası üçün edilən əməl istər dünyada, istərsə də Axirətdə müsəlmana xeyirdən başqa heç nə gətirmir. Uca Allah əməlləri yalnız Ona xas edərək, yerinə yetirmək barədə Quranda belə buyurur:"De: Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allaha məxsusdur.”(Quran, Ənam surəsi,162 ci ayə). Aydın olur ki, ibadət müsəlmanın həyatının bir hissəsini yox, bütünlüklə əhatə edir: O, ruzi axtarışına çıxarkən də, Allahın razılığını qazanmaq üçün səbəb olduğunu dərk edir: "Yeri sizin ixtiyarınıza verən Odur. Onun hər səthində gəzin və (Allahın) ruzisindən yeyin. Qayıdış da Onadır.”(Quran, Mülk surəsi,15 ci ayə). Yatarkən də, bu əməlindən Rəbbinin rızası üçün pay ayırır:Muaz ibn Cəbəl (A.o.r.o. ) demişdir:”Mən namazlarımda savab axtardığım kimi yatağımda da Allahdan savab axtarıram.”( Buxari ). Nəfsinin istəyi olan halal zövcəsi ilə yaxınlıqda belə Allahın razılığı vardır:Peyğəmbər (s.a.və s.) buyurmuşdur:”Sizdən hər biriniz xanımı ilə yaxınlıq etməsində belə sədəqə (savab) vardır”. Səhabələr:”Ey Allahın elçisi, bizdən biri nəfsinə xoş olan cinsi istəklərini ödəyir. Buna görə necə savab verilə bilər ki?” deyə soruşduqda,Allahın elçisi (s.a.və s.):”Haram yolla öz istəyinə çatmağına görə günah qazandığı kimi, halalda da savab vardır”.(Müslim).Anlaşılır ki, ibadət təkcə zaman və məkan çərçivəsinə həbs edilmiş dini ayinlərdən ibarət deyil.Allahın sevdiyi və razı qaldığı, gizlində və aşkarda olan sözləri və əməlləri əhatə edən hər bir şey ibadət adlanır.("Məcmuul–Fətavə”10/149).İbadətdən danışarkən, onun şərtlərini də qeyd etməyi unutmamaq lazımdır. Uca Allah qarşısında ibadətin düzgün olması üçün, xüsusən dini ritualların yerinə yetirilməsində iki şərt olduqca mühümdür: 1-Niyyət. İbadəti yalnız və yalnız Allahın razılığını qazanmaq üçün, ixlasla yerinə yetirmək. Əgər bu, Allahdan qeyrisinə, yaxud, Allahla yanaşı kimlər üçünsə edilsə, həmin ibadət halaldan harama çevrilir.2-İbadətin Quran və Peyğəmbərimizin sünnəsinə ( yoluna ) müvafiq şəkildə yerinə yetirilməsi. Bu şərt də olduqca vacibdir. Belə ki, Allah Rəsulu (s.a.və s.) buyurmuşdur:”Kim bizim bu dinimizə ondan olmayan bir şeyi əlavə edərsə, etdiyi rədd olunar”.Digər rəvayətdə isə:”Kim bizim əmrimiz olmayan bir işi edərsə etdiyi rədd olunar”.( Buxari, Müslim ). Həqiqətən də müsəlman yaxşı niyyətlə belə olsa, ibadətlərə qaydadan kənar nəsə artırıb-azaltmaqla Allahın razılığını qazana biləcəyini düşünsə də, bilməlidir ki, Uca Allah buyurmuşdur:"De: "Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi? O kəslər ki, onların dünyadakı zəhməti boşa getmişdir. Halbuki onlar yaxşı işlər gördüklərini zənn edirdilər.”( Quran, Kəhf surəsi,103-104 cü ayələr). Həqiqətən ayə barədə diqqətlə düşündükdə o adamı dəhşətə salır. İnsan bütün həyatı boyunca Allaha yaxınlaşmaq üçün hansısa əməllər etsə də, bunu Allahın və Onun Rəsulunun (s.a.və s.) buyurduğundan fərqli metodla yerinə yetirməklə Qiyamət günü gəldikdə, əməl çantasının sən demə boş olduğunun fərqinə varır. Həm vaxtı, həm də sərf etdiyi güc zay olur və Allah qarşısında əliboş dayanır. Bu necə də pis, qorxunc aqibətdir! Uca Allahdan bizləri belə sondan qorumasını diləyirik. Amin!Bütün bunlardan aydın olur ki, ibadətlərin yerinə yetirilməsində yuxarıda sadalanan iki şərtin ikisinin də olması vacibdir.Həmçinin, unutmamaq lazımdır ki, Allaha ibadət edib, yalnız Onun qarşısında boyun əymək, yalnız Yaradana qul olmaq insana ancaq ucalıq gətirir və alçaqlıq gətirən bir çox şeyin – insanların, malın, pulun, daş-torpağın, puç ideologiyaların və s. əsirliyindən, rəzillikdən xilas edir. Məhz bu səbəbdən Allah Rəsulu (s.a.və s.) Allahdan qeyrisinə qul olmaq istəyən kəsin bədbəxtliyini vurğulayaraq, onların "dinarın, dirhəmin, zinətin, geyimin qulu” adlandırardı. (Buxari). ---
|