Adətən yoxsul və savadsız ailələrdə böyüyən uşaqlara məzlum uşaq kimi baxırlar. Ancaq elə sizin evinizdə məzlum uşaq ola bilər. Bahalı oyuncaqların arasında, rəngli çıraqların işığında yuxuya gedibdir. Amma o, ən məzlum və ən məhrum uşaq ola bilər.
Xoş olsun o uşaqların halına ki, anaları evdə olur. O uşaqlar ki, səhər yuxudan duran zaman anasının isti ağuşunu hiss edir, onun tərəfindən öpülür, nə bağçaya getməyə məcburdur, nə də hansısa bir dayənin yanına. Belə bir uşaq xoşbəxt uşaqdır və onun ruhi vəziyyəti daha sağlam olar.
Xoş olsun o uşaqların halına ki, bütün günü evdə olur və öz bacı-qardaşları ilə oynayırlar. Məzlum uşaqların bir çoxu evin tək övladı olur. Bu uşaq öz otağında zindana salınır və oyuncaqlarından başqa bir şey görmür. Əlbəttə on ildən sonra bacı və ya qardaşa sahib olması bu vəziyyəti dəyişir. Çünki onun şəxsiyyəti hələ kiçik yaşlarından artıq formalaşmışdır.
Evin tək uşağı olmaq, onun ictimai rabitələr qurması üçün çətinliklər yaradır. Bu cür uşaq başqaları ilə rabitə quran zaman səbir, hövsələ və başqalarına dözmək kimi sifətlərə çətin yiyələnir. Onlar çox vaxtlarını tək olduqları üçün ədalətə riayət edə bilmirlər.
Bu cür uşaqlar çox vaxt maddiyyatçı olurlar. Çünki ata və anasının ona olan sevgisi ancaq maddiyyatla özünü büruzə vermişdir. Ona görə də onların başqalarından gözləntisi digər uşaqlara nisbətən daha çox olur. Başqa uşaqlarla müqayisədə sevgi azlığından əziyyət çəkirlər.
Uşaqların haqqı vardır ki, valideyn sevgisi görsünlər. O uşaqlar ki, valideyn sevgisini hiss etmirlər - həqiqətən məzlumdurlar. Bəzən elə olur ki, bir uşaq itəndən sonra tapılan zaman valideyn tərəfindən sevgi ilə qarşılaşması yerinə danlanır və məzəmmət edilir. Valideyn belə düşünür ki, narahat olmaqlarının səbəbi övladına olan sevgisindən qaynaqlanır. Ancaq bu sevgi elə valideynin qəlbindən bayıra çıxmır.
Uşağa olan sevgi onun maddi ehtiyaclarını təmin etməklə bitmir. Bəlkə ən yaxşı sevgi - diqqət etməkdir. Yəni uşağın verdiyi suallara cavab verməkdir. Sözlərinə ciddi yanaşmaq, uşaqla dost olmaqdır. Elə valideynlər vardır ki, uşaqları ilə heç bir zaman oyun oynamayıblar. Heç düşünmürsünüz ki, övladınız məzlum ola bilər? Uşaq üçün valideynin diqqətini cəlb etməkdən daha ləzzətli bir şey yoxdur. Əgər övladınız sizdən istəyirsə ki, qurduğu evə bir nəzər salasınız, bu, heç də çətin bir iş deyildir, bunu edə bilərsiniz. Əgər övladınız sizdən belə bir şeyi istəməyə belə cürət etmirsə, deməli tərbiyədə faciə baş vermişdir.
Yəqin ki, diqqət etmisiniz ki, sizin hövsələniz olmayan zaman uşaqlarınız daha çox nadinclik edirlər. Çünki onlar bizim pərişanlığımızı hiss edirlər. Hövsələsiz valideynlər belə düşünür ki, əgər problemləri həll olsa, uşaqlarına daha çox diqqət edə biləcəklər. Ancaq onların uşaqlıq dövrü bitənə qədər bu fürsət yaranmır.
Ey, həmişə məşğul olan atalar və analar! Uşaqlarınız gərək həyatınızın mərkəzində olsun, haşiyəsində deyil. Uşaqlar səbir edə bilmirlər ki, bir gün olacaq və sizin onlarla məşğul olmağa həm vaxtınız və həm də hövsələniz olacaqdır. Əgər biz uşaqlarımızı dərk edə bilmiriksə, onların da bizi başa düşməsini gözləməməliyik. Yaxşı olar ki, uşaqlarımızı uşaq olan zaman onları sevigi ilə əhatə edək. Çətinliklərimizi isə sonra həll edərik. Ya da heç olmasa işimizin arasında onlar üçün də vaxt ayıraq.
|