Şeytan, həzrət Lutun (əleyhis-salam) qövmünü azdırmışdı. Həzrət Lut camaata nə qədər öyüd-nəsihət verib yol göstərsə də, heç bir təsiri olmadı, üstəlik onların həyasızlıqları günbəgün artmağa başladı. Allah-taala Mikail, Cəbrail, İsrafil və Kərubil adlı mələkləri göndərdi. Lut şəhərdən kənarda əkinçiliklə məşğul olan zaman bu ilahi səfirlər onun yanına gəlib salam verdilər. Sonra birlikdə şəhərə gəlib həzrət Lutun qonağı oldular. Lutun (kafir) arvadı, ilahi peyğəmbərin evində qonaq olduğunu camaat anlasın deyə damda od yandırdı. Camaat sürətlə Lutun evinin ətrafına toplaşdılar və hörmətsizlik etməyə başladılar. Onlar Həzrət Lutün qonaqlarına əzab-əziyyət vermək istəyirdilər. Qonaqlar camaatın Luta təzyiq göstərdiyini müşahidə etdikdə dedilər: Qorxma, biz Pərvərdigarın göndərdiyi şəxslərik, bu qövmü məhv etmək üçün gəlmişik.
Cəbrail (ə), bir işarə ilə onların hamısını kor edib geri çəkdi. Camaat Lutu hədələyərək deyirdilər: -Sübh açılan zaman öz əməlinin cəzasını görəcəksən!
Lut Cəbrailə (ə) dedi: - Camaata əzab vermək üçün tələsin, onları bacardığınız qədər tez məhv edin!
Cəbrail dedi: - Həlak vədəsi sübhdür. Ey Lut! Sən öz ailənlə birlikdə şəhərdən çıx, ailə üzvlərindən yalnız arvadını aparma! Çünki o, ilahi əzaba düçar olacaq.
Lut öz ailəsi və köməkçiləri ilə birlikdə gecə ikən şəhərdən çıxdı. Sübh açılan zaman əzab nazil oldu və ilahi mələklər o şəhəri alt-üst etdilər, şəhərə daş yağmağa başladı. Sədum şəhəri torpaq və daşlardan ibarət bir təpəyə çevrildi.
Həvadisul-əyyam, səh. 92
|