Düşüncə işığının söndüyü bir mühitdə din də, siyasət də, mədəniyyət və incəsənət də insanlar üçün tiryək rolunu oynayır
Həqiqət
sorağında olduğum ilk günlərdən yəqin etdim ki, bir çoxları təhqiq
etmədən seçim edir və öz seçimlərinin həqiqətə əsaslandığını iddia
edirlər. Seçim sağlam təfəkkürə əsaslanmadığı təqdirdə insanın əqidəsi
onun meyl və istəklərini əks etdirərək, şəxsi mənafeyinin çürük
sütunları üzərində qurulan zəif bir tikiliyə bənzəyir. Bir küləyə bənd
olan bu zəif bina hadisələr tufanı qarşısında sarsılır, tezliklə
alt-üst olub aradan gedir. Belə olan təqdirdə, insan ya başqa bir
əqidəyə yönəlir, yaxud da öz yanlış seçimini pərdələmək üçün müxtəlif
yozumlara əl atır. Bu isə öz növbəsində prinsipsizlik və simasızlıqla
nəticələnir. Bu gün həyatımızın müxtəlif sahələrində izi görünən,
xüsusilə də ictimai-siyasi proseslərə qənim kəsilən mənəvi aşınmanın
kökünü, zənnimcə burada axtarmaq lazımdır. Nə yazıq ki, böyük
zəhmətlər bahasına əldə edilmiş elmi nailiyyətlər bu gün insanlığın
təfəkkür işığının söndürülməsinə yönəlib. Elmi-texniki tərəqqisi ilə
öyünən müasir texnogen insan cəmiyyətinin ən böyük bəlası da məhz
budur. Əsas qayəsi insan düşüncəsini, insan şüurunu aydınlatmaq olan
elm kimi mütərəqqi bir dəyər bəşəri kütləşdirmək, onun heyvani
ehtiraslarını təhrik etmək üçün vasitəyə çevrildikdə bu «dirilik suyu»
öldürücü zəhərə çevrilir. Bir zamanlar bəşər övladının bütün
bəlalarının səbəbini onun cahilliyində, bilməməzliyində axtaranlar
zaman keçdikcə, yanıldıqlarını anladılar. Gördülər ki, elmlə
silahlanaraq, müasir texnologiya lara yiyələnən insan mənəvi baxımdan
yetkinləşmədikdə, cahil insandan daha təhlükəli, daha yırtıcı bir
varlığa çevrilir. Çünki, bu varlığın xəbis mahiyyəti özünü ifadə etmək
üçün elmin gücündən istifadə edərək, özünə daha geniş fəaliyyət meydanı
əldə etmiş olur. Nəticədə, bu qorxunc varlıq elmin yardımı ilə həm öz
qüdrətini artırır, həm də onun törətdiyi fəsadların əhatə dairəsi
genişlənir. «Məgər düşünməzsinizmi?» İlk insandan bu yana bəşərin
hidayəti üçün göndərilən ilahi elçilərin başlıca məramı insan
təfəkkürünü təqlidçilik buxovlarından, şəhvət və ehtiras zəncirlərindən
azad etmək olub. Onların qarşısında dayanan batil cəbhənin başbilənləri
isə hər zaman çalışıblar ki, insanları sağlam düşüncədən, məntiqi
mühakimədən uzaqlaşdıran ictimai və əxlaqi amilləri gücləndirməklə
onları şüursuz və əxlaqsız bir kütləyə çevirsinlər. Çünki, insanların
haqqa yönəlməsi üçün yalnız düşünmələri kifayət edər. Bu səbəbdən
səmavi kitabımız haqqın nişanələrindən danışarkən «düşünənlər üçün
ayələrimizdə ibrətlər var» fikrini, xüsusi vurğulayır, haqdan sapanları
isə «məgər düşünməzsinizmi?» - deyə məzəmmət edir. Düşüncə işığının
söndüyü bir mühitdə din də, siyasət də, mədəniyyət və incəsənət də
insanlar üçün tiryək rolunu oynayır. Belə bir mühitdə yaşayan insanlar
ya düşüncə azadlığını əldən verib istənilən informasiyanı, istənilən
təbliğatı təhlil etmədən qəbul edir, yaxud da öz taleyinə qarşı son
dərəcə biganə olub, gündəlik məişət problemləri, eyş-işrət və əyləncə
ilə başlarını qatırlar. Belə kütləni idarə etmək olduqca asan olur,
çünki bu kütlə ictimai hədəflərdən məhrum, etiraz hissini itirmiş, daha
doğrusu, nəyə etiraz etməli olduğunu anlamayan itaətkar bir insan
toplusudur. Müasir dövrün səciyyəvi xüsusiyyətlərindən biri də
informasiya texnologiyalarının inkişafı nəticəsində məntiqi təfəkkürün
yaradıcı təfəkkürlə əvəz olunmasıdır. Müasir cəmiyyəti çox zaman
«informasiya cəmiyyəti»də adlandırırlar. Dövrümüzün insanı real aləmdən
daha çox virtual aləmdə yaşayır. Hətta, gündəlik həyatda qarşılaşdığı
adi, danılmaz reallığı da insan şüuru kütləvi informasiya vasitələri
tərəfindən ona aşılanan dəyərlər sisteminin təlqin etdiyi tərzdə qəbul
edir. İnformasiya sisteminin böyük güclərin təsirində olduğunu nəzərə
alsaq, bu proses manipulyasiya ilə nəticələnir. Belə bir şəraitdə insan
düşünməyə, təhlil etməyə macal tapmır və yalnız onun beyninə yeridilən
informasiyanı qəbul etməyə məhkum olur. Nəticə olaraq, teoloqlardan
birinin dediyi kimi «bir çox hallarda ehtimal olunan yanlışlıqlar
həqiqətlərə qələbə çalır». İnformasiya texnologiyalarının təsirinə
məruz qalan insan faktiki olaraq obyektiv düşüncə tərzini, həqiqət
meyarlarını itirir. Belə bir insan həqiqətə yox, media məkanının diktə
etdiyi meyarlara əsaslanaraq düşünür. Bu isə, düşüncənin yeni bir
əsarəti hesab olunmalıdır. Real aləmdən uzaqlaşmaq nəinki insanın
mənəviyyatına, hətta müasir tədqiqatlara görə, onun psixikasına da
mənfi təsir göstərir. Bu təsirin nəticələri hələ XX əsrin əvvələrində
məşhur psixiatr və kriminalist Maks Nordaunun tədqiqatlarında öz əksini
tapıb. Müşahidələrə və faktiki materiala əsaslanan bu tədqiqatların
birində o yazır:«Dünya hal-hazırda daha çox böyük bir xəstəxanaya
bənzəyir. Bu xəstəxanada yatan xəstələrin hamısına eyni diaqnoz qoyula
bilər: instinktlərin aşınması, hislərin təfəkkürə qələbəsi, yalançı
realizm, insanlığa qarşı mərhəmətsizlik və laqeydlik, beyin
mərkəzlərinin zəifləməsi nəticəsində yaranan kütləşmə və sair». «Haqq gəldi, batil getməlidir, həqiqətən, batil aradan getməyə məhkumdur» Günü-gündən
yayılıb genişlənməkdə olan bu epidemiyadan bəşəriyyətin yeganə xilas
yolu sağlam məntiqə əsaslanan, mənəvi dəyərləri rasional tərzdə
çatdıran, insanı xoşluqlardan yaxşılıqlara doğru istiqamətləndirən bir
əqidəyə yönəlməsindədir. Elə bir əqidə ki, insanları «hikmət və gözəl
nəsihət yolu ilə» haqqa doğru çağırır. Elə bir əqidə ki, həm insanların
təfəkkürünə güc verir, həm də mənəviyyatını saflaşdırır. Bu gün
insanları sadəcə olaraq düşünməyə dəvət etməli, düşüncə nurunu söndürən
amilləri tanıyıb tanıtdırmalıyıq. İnsan düşünərsə, haqqı tapar, haqqı
tapdıqda isə ayılıb yetkinləşər. Ayıq və yetkin insanı idarə etmək,
müxtəlif qəliblərə salmağın çətin olması səbəbindəndir bəlkə də böyük
güclərin haqqa qarşı başladıqları amansız, meşə qanunlarına əsaslanan
mübarizə… Ağılla nadanlığın savaşı isə şübhəsiz ki, birincinin
qələbəsi ilə nəticələnəcək. Çünki, «haqq gəldi, batil getməlidir,
həqiqətən, batil aradan getməyə məhkumdur». Hacı Şahin Həsənli
|