Həzrət Əli (ə) buyurur: «Mən sizin işlərinizin rəhbəri olduğuma görə Allah-təala sizin boynunuzda mənim üçün haqq müəyyən etmişdir. Mənim də boynumda mənim sizin boynunuzda olan haqqım kimi haqqınız vardır».
İmam Əli (ə) bu cümləni buyurduqdan sonra özünün onların boynundakı və onların o həzrətin boynundakı haqqının nədən ibarət olmasını izah etməmişdən qabaq haqq barəsində iki nöqtəni bəyan edir. Onlardan biri budur: «Haqq dildə ən asan, əməldə ən çətin şeydir». Haqq meydanı danışmaq, açıqlama vermək, xütbə oxumaq, məqalə yazmaq və ədalət fəryadı ucaltmaq məqamında ən geniş meydandır. Amma əməl və riayət etmək, təslim olmaq məqamında ən darısqal meydandır. Haqq barəsində, ona əməl etməyin faydaları, onun tərk edilməsinin ziyanları haqda gətirilən qədər heç nə barəsində dəlil gətirmək, məntiqi əsaslandırma aparmaq, təşviqat aparmaq mümkün deyil. Amma bununla yanaşı, həm də heç nə haqqa bağlılıq qədər çətin deyil. O həzrət (ə) bu cümləni ona görə buyurur ki, camaat sözlə əməl arasında nə qədər fasilə olmasını başa düşsün və hökm çıxaranda aldanıb, insanların sözlərini meyar götürməsinlər, əməli meyar götürsünlər.
İnsan haqqın özü və hüquqlara riayət edilməsi qarşısında təzim edir və baş əyir. Lakin bəzən insanlar sözlərin təsiri altına düşür, sözü ruhiyyə, əqidə və əxlaqi vərdişlərin meyar və dəlili təyin edir və bu yolla səhvə düçar olurlar. İmamın (ə) qeyd etdiyi digər bir nöqtə budur: «Haqq kimin lehinə işləyirsə, əleyhinə də işləyir və kimin əleyhinə işləyirsə, lehinə də işləyir». İnsanların bir-birinin boynundakı haqqı birtərəfli deyil, qarşılıqlıdır. Əgər kiminsə digərinin boynunda haqqı varsa, qarşılıqlı olaraq onun da bunun boynunda haqqı var.
Kim cəmiyyətdən nə qədər alacaqsa və cəmiyyətin onun qarşısında məsuliyyət daşımasını güman edirsə, həmin qədər də özü cəmiyyətə borcludur. Haqq ilə məsuliyyət çiyin-çiyinədir. Belə deyil ki, bütün haqlar birinə verilmiş olsun və bütün məsuliyyətlər başqasının boynuna qoyulsun. «Haqq» faydadır, «məsuliyyət» isə zəhmət, iş və çətinlikdir. Kim cəmiyyətdən faydalanırsa, həmin qədər də zəhmətə qatlaşmalı və çiyinlərində cəmiyyətin yükünü çəkməlidir. Həzrət Peyğəmbər (s) buyurur: «Öz yükünü camaatın boynuna atan kəs Allahın rəhmətindən uzaqdır».
Atanın övladın boynunda haqları var. Yəni o, övladın vücudundan bəhrələnir. Lakin bu haqq və fayda birtərəfli deyil. Övladın da atanın boynunda haqları var. Yəni onun atanın vücudundan bəhrələnməli olduğu faydaları var. Atanın haqqı övladın onun sözünə itaət etməsi və ona ehtiram göstərməsidir, övladın haqqı isə atanın onu öz himayəsində saxlaması və tərbiyə etməsidir. Ər ilə arvad, müəllim ilə şagird, qonşu ilə qonşu, rəhbər ilə rəiyyət, səfər yoldaşı ilə yoldaş da belədir.
İnsanların bir-birinin boynundakı haqları nəinki birtərəfli deyil və hər bir kəs başqasına borcludur, məsələ hətta başqa varlıqlara münasibətdə də müəyyən qədər həmin cürdür. İnsanın fayda və bəhrələnmə dairəsi nə qədər genişlənirsə, məsuliyyət dairəsi də bir o qədər artır. Həzrət Əli (ə) xilafətinin ilk günlərində oxuduğu xütbədə buyurur: «Allahı nəzərə alın həm Onun bəndələri, həm də vilayətlər barədə. Çünki siz hətta məqbərə və heyvanlar barəsində məsuliyyət daşıyırsınız». Yəni sizin məsuliyyət dairəniz o qədər genişdir ki, siz hətta məqbərələr, vilayətlər, heyvanlar barəsində sorğu-sual ediləcəksiniz. Gərək, yerlərin, heyvanların da haqqını verəsiniz. Bu yerlər və heyvanlar sizin düzgün istifadə və bəhrələnməyiniz üçündür.
«Həqiqatən, sizə yer üzündə imkan və (onun bəxşişlərindən istifadə) qüdrət(i) verdik və sizin üçün yaşayış vasitələri hazırladıq». Yerin insanın boynunda olan haqqı onun abadlaşdırılması, əkilməsi, tikinti işlərinin aparılması, boş saxlanılmamasıdır. Həmçinin heyvanlar barəsində - onların qorunması, saxlanılması haqda da məsuliyyət daşıyırsınız. Yerin və onun məhsullarının sizin üçün yaradılmasını fikirləşdiyiniz dəlilə əsasən, bilməlisiniz ki, məsuliyyət daşıyırsınız və həm yerə, həm də onun üzərində olanlara borclusunuz.
Həzrət Əli (ə) daha sonra buyurur: «Əgər başqalarının boynunda haqqı olan, amma başqalarının onun boynunda haqqı olmayan bir varlıq varsa, O, Allah-təaladır». Onun barəsində heç bir məsuliyyət və borc təsəvvür edilə bilməz. Çünki Onun bəndələrin boynunda olan haqqı fayda və bəhrələnmək qismindən deyil ki, bunun əvəzində Onun da boynuna borc gəlsin. Bu mənalar bir-birindən bəhrələnən və bir-birinə fayda verən yaradılmışlar barəsində düzdür. Allah-təala mütləq ehtiyacsız və mütləq bəxşiş sahibidir. Yaradılış sistemində məxluqat bir-birinə təsir göstərir, bir-birindən təsirlənir, bir-birinə fayda verir və bir-birindən bəhrələnirlər.
Cəmiyyətdə də yaradılış sisteminə əsasən, hamının bir-birindən bəhrələnməsi və bir-birinə fayda verməsi üçün bir sıra hüquq və borclar müəyyənləşdirilmişdir ki, cəmiyyət öz təkamül yolunu qət etsin. Lakin Allah-təala bu mənalardan pak və uzaqdır. Allah tərəfindən bəndələrə çatmış və çatan şeylərin hamısı Onun lütf, ehsan, bəxşiş və kərəmidir və bu səbəbdən də məxluqatın bütün vücudu Allaha münasibətdə borcdur, başdan-başa məsuliyyət və borcluluqdur. «O (Allah), etdikləri barəsinda (heç kas tərəfindən) sorğu-suala tutulmaz və onların hamısı (yaratdıqlarınm hamısı Onun qarşısmda) sorğu-sual edilərlər».
Sonra buyurur: Allahın bu dünyada təyin etdiyi ən mühüm haqq valinin rəiyyətin boynundakı və rəiyyətin valinin boynundakı haqqıdır. Allah bu haqları ülfət və izzətin təməli etmişdir. Əgər bu haqlara qarşılıqlı şəkildə riayət edilsə, onda haqq mütləq şəkildə möhtərəm olar, dinin işi düzələr, mühit və zəmanə islah olar. Siz işlərin islahı üçün təkcə mənim islah edilməyimin yetərli olmasını güman etməyin. Mən şəxsən özüm son həddə qədər öz vəzifələrimi yerinə yetirəcək, sizin haqlarınıza riayət edəcəyəm. Bu kifayət deyil. Gərək, siz də saleh olasınız və mən sizin haqlarınıza riayət etdiyim kimi, siz də mənim haqlarıma riayət edəsiniz ki, bütün işlər düzəlsin və öz oxu ətrafında fırlansın.
Müasir tarixçilərin biri həzrət Əlinin (ə) davranış və hökuməti barəsində danışandan sonra deyir: Buradan belə məlum olur ki, xəlifə və rəhbərin təkcə sayıq, ədalətli, xeyirxah, Allahın razılığını qazanmaq istəyən şəxs olması problemlərin həll edilməsində tam yetərli deyil. Gərək, hamı sayıq olsun və öz hüquq və vəzifələrini bilsin. Gərək, hamı sayıq və ədalətə meyilli olsun, onlar da haqq və ədalətin bərqərar olmasını istəsinlər.
Əmirəl-Möminin (ə) məmurlarından birinə göndərdiyi məktubların birində belə yazır: «Camaatın valinin boynundakı haqqı budur ki, nemətlər onun əxlaq və davranışını dəyişdirməsin, rəhbərlik müddətinin uzunluğu onu məğrur etməsin, özü ilə camaat arasında fasilə yaratmasın və camaata yaxın olsun. Sizin mənim boynumdakı haqqınız budur ki, müharibə sirlərinə aid məsələlər istisna olmaqla, heç nəyi sizdən gizlətməyim, İslamın hökmünü müəyyənləşdirdiyi məsələlər istisna olmaqla, heç bir işi sizinlə məsləhətləşmədən yerinə yetirməyim və sizin hamınıza bir gözlə baxım».
Bəzi məqamlara toxunduqdan sonra bu mövzuda başqa bir nöqtəyə işarə edərək buyurur: Bu cümlə haqlar sahəsində əməkdaşlıq etmək barəsindədir, hamının bir-biri ilə və cəmiyyətlə əməkdaşlıq edərək, birlik və ictimai fəaliyyətlərlə öz haqqına çatmalı olması haqqındadır. Buyurur ki, heç kəs nə qədər böyük məqama malik olsa da, «mən o qədər üstünəm ki, başqalarının köməyinə ehtiyacım yoxdur» xülyasını zehninə buraxmamalıdır. Həmçinin heç kəsin nəzərlərdə hər nə qədər kiçik və həqir görünsə də, əməkdaşlığa dəvət edilmək və ya kömək edilmək üçün çox kiçik olmasını fikirləşmək olmaz. Nə heç kəs ictimai işlərdə başqalarının köməyinə ehtiyacsızlıqdan yüksəkdə dayanır, nə də kimsə aşağıda. Hamı möhtacdır və hamıya ehtiyac var.
Qurani-kərim buyurur: «Bütün xeyir işflərdə, yaxşılıq etməkdə, xeyir mənbəyi olmaqda) və təqvada (təqvanm bərqərar edilməsində, paklıqda) bir-birinizə kömək edin (bir-birinizin köməyinə tələsin) və günah və həddi aşmaqda (şər işlərdə, fəsadda, kin-küdurətiərdə) bir-birinizlə köməkləşməyin». Əmirəl-Mömininin (ə) birlik və əməkdaşlıq barəsində çox kəlamı var. Burada o həzrət (ə) bəzilərinin qürrələnmələri ilə mübarizə aparır. Bəziləri məğrurlaşaraq başqaları ilə fikirlərini bölüşməyi və əməkdaşlıq etməyi özlərinə sığışdırmır, özlərini başqalarının ağıl, fikir və əməllərindən üstün sanırlar. Onlar başa düşmürlər ki, fərdi ağıl hər nə qədər dərin olsa, fərdi əməl hər nə qədər təsirli olsa, yenə də ictimai ağıl və ictimai əməl kimi deyil.
Müqəddəs İslam dininin göstərişlərində məsləhətləşmə aparılmasına, xüsusilə ictimai işlərdə məsləhətləşmələrə çox təkid edilmişdir. Qurani-kərim buyurur: «Və o kəslər ki, Rəbblərinin iman və əmələ dəvətini) qəbul ediblər, namaz qılıblar; aralarındakı işlər məşvərət ilə həll edilir və özlərinə verdiyimiz ruzidən (Allah yolunda) xərcləyirlər». Ayə iman əhlinin xüsusiyyətlərindən biri kimi onların öz işlərini məsləhət, məşvərətlə yerinə yetirmələrini qeyd etmiş və bunu namazla, Allah yolunda mal xərcləməklə eyni sırada qoymuşdur. Quran həzrət Peyğəmbər (s) barəsində belə buyurur: «Onları əfv et onlar üçün bağışlanmaq dilə və işlərdə onlarla məsləhətləş».
Həzrət Peyğəmbər (s) peyğəmbər olmasına və camaatın o həzrətdən onların rəy və nəzərini soruşmasını, onları işlərə qatmasını gözləməmələrinə baxmayaraq, camaatı alçaltmamaq, onlara dəyər vermək, onların şəxsiyyətini möhtərəm saymaq, ümmət üçün həmişəlik göstəriş olması üçün onlarla məsləhətləşər və onların nəzərini öyrənərdi. Xəndək müharibəsində aparılan hərbi məsləhətləşmə, Salman Farsinin İranda bu kimi hallarda şəhərin kənarında xəndək qazılmasını və bu yolla özlərini müdafiə etmələrini bildirməsi və həzrət Peyğəmbərin (s) Salman Farsinin nəzərini qəbul etməsi tarixdə məşhurdur.
Əmirəl-Möminin Əlinin (ə) həmin xütbədəki sözü bura - «heç kəs nə qədər böyük məqama malik olsa da, «mən o qədər üstünəm ki, başqalarının köməyinə ehtiyacım yoxdur» xülyasını zehninə buraxmamalıdır. Həmçinin nəzərlərdə hər nə qədər kiçik və həqir olsa da, heç kəsin əməkdaşlığa dəvət edilmək və ya kömək edilmək üçün çox kiçik olmasmı fikirləşmək olmaz. Nə heç kəs ictimai işlərdə başqalarının köməyinə ehtiyacsızlıqdan yüksəkdə dayanır, nə də kimsə aşağıda. Hamı möhtacdır və hamıya ehtiyac var» - çatanda, dinləyicilərdən biri şövqə gəldi və hisslərə qapılaraq yerindən qalxdı, o həzrətə dolğun təşəkkür və minnətdarlığını bildirdi.
Onun sözlərindən sonra İmam Əli (ə) yenidən danışmağa başladı və bəzi cümlələri buyurdu. Mən bu axşam həmin cümlələrdən haqq barəsində olan və bizim əvvəlki söhbətlərimizi təkmilləşdirən yalnız birini deyəcəyəm. Həmin cümlə budur ki, o həzrət (ə) hər növ tənqidi və islahat yönümlü təklifləri eşitməyə hazır olduğunu bildirərək onunla saxtakarlıq, utancaqlıqla və yaltaqlıqla davranılmamasını, nəzərə gələn hər şeyin deyilməsini istəyir: İmam bu cümlədə buyurur ki, mənimlə saxtakarlıqla, yaltaqlıq və utancaqlıqla davranmayın. Elə bilməyin ki, sizin tənqidlərinizi eşitmək və «haqq filan cür olmağını tələb edir» deməyiniz mənə ağırdır. Bilin! Tənqid, öyüd-nəsihətlər və haqq söz kimin qulağına ağır gəlirsə, haqqa əməl etmək ona daha ağır gələcək. Haqq və ədalət əhlinin nişanəsi onların öyüd-nəsihət və tənqidlərdən çəkinməmələridir.
İmamın (ə) bu cümləni deməsinin səbəbi bir az əvvəl bir nəfərin ayağa qalxaraq o həzrəti tərifləməsi idi. İmam (ə) bu cümləni buyurmaqla camaata demək istəyirdi ki, mənim təriflənməkdən xoşum gəlməsini güman edib işləri sünilik və yaltaqlıq üzərində qurmayın. Xeyr, əksinə, mən sizdən aşkar şəkildə işlər barəsində öz nəzərlərinizi bildirməyinizi və öyüd-nəsihət verməyinizi gözləyirəm: «Öz haqq nəsihətlərinizi və düzgün məsləhətlərinizi əsirgəməyin».
Həzrət Əli (ə) hökumətinin demokratiyanın ən yüksək təzahürü olmasının deyilməsinin səbəbi budur. O, özü imam olmasına və həm maddi, həm də mənəvi qüdrətlər ixtiyarında olmasına baxmayaraq, camaata qol-qanad verərək onları tənqid etməyə və etiraz bildirməyə həvəsləndirir. Əlbəttə, bunu da qeyd etmək lazımdır ki, hər etiraz da haqq deyil və tənqidçi iki şərtə malik olmalıdır. Həmin şərtlərdən biri onun niyyətinin xeyirli olması, yəni şəxsi məqsədlər güdməməsidir. Onun məqsədi qarşı tərəfi bataqlığa atmaq və ayaq altma salmaq deyil, nöqsanları islah etmək olmalıdır.
İkinci şərt budur ki, onun düzgün seçim qabiliyyəti olmalıdır. Yəni o, idrak və seçim qabiliyyətinə malik şəxs olmalıdır. Nadancasına və axmaqcasına edilən tənqidlər çox ziyanlıdır. Əgər tənqid gözəl niyyət və düzgün seçim qabiliyyətinə əsaslansa, hərəkət və islahata səbəb olar. Amma əgər pis niyyət və nadanlığa, seçim qabiliyyətinin olmamasma, cəmiyyətin yüksək mənafeləri ilə tanış olmamağa, cəmiyyətin qət etməli olduğu yolu tanımamağa əsaslansa, həmin tənqid yolda maneələr düzməkdir və hərc-mərcliyə, ətalətə səbəb olur. Həzrət Əli (ə) daha sonra mənası belə olan bir cümlə buyurur: «Heç kəs və heç bir məqam tənqid edilməkdən yüksəkdə dayanmır».
İmam Əlinin (ə) haqq barəsində buyurduğu nöqtələr, ümumilikdə, dörd nöqtə oldu və mən onların xülasəsini bir daha təkrar edirəm: Birincisi, haqq dildə ən asan, əməldə isə ən çətin şeydir. İnsanlar barəsində hökm çıxarmağın meyarı söz deyil, əməldir. İkincisi, Allah-təala insanların bir-birinin boynunda qoyduğu haqları birtərəfli etməyib, hüquqlar qarşılıqlıdır. Kimin cəmiyyətin boynunda haqqı varsa, onun cəmiyyətə borcu da var. Məxluqatın boynunda haqqı olub onlara borcu olmayan yalnız Allah-təaladır.
Üçüncüsü, kömək və əməkdaşlıq olmadan haqlara çatmaq mümkün deyil. Tək hərəkət etməkdən və tək fikirləşməkdən bir şey çıxmır. Hamının başqaları ilə əməkdaşlıq və fikir birliyi yaratmağa ehtiyacı var. Dördüncüsü, haqq əhlinin əlaməti islahat yönümlü nəsihətlərdən, düzgün və yerində edilən tənqidlərdən çəkinməməkdir. Haqq əhli olması və haqq çərçivəsində hərəkət etməsi iddiasında olan şəxsin öz iddiasında doğruçu və ya yalançı olmasının ilk dəlili onun tənqid və etirazları eşitməyə hazır olması və ya olmamasıdır. Heç kəs etiraz və tənqiddən yüksəkdə durmur. Bunlar haqq əhlinin rəhbəri Əmirəl-Mömininin (ə) hüquqların qorunması üzərində qurulan (haqq və) ədalət barəsindəki kəlamının bir hissəsi idi.
|