Ən qədim bayramlardan biri olan Novruz barəsində əsrlər boyu müxtəlif fikirlər söylənilib. Bəziləri onu atəşpərəstlərin bayramı kimi təqdim etməyə çalışıb, bəziləri hansısa bir xalqın bayramı olduğunu sübut etmək istəyib. Novruz barəsində İslam dininə müraciət etdikdə çoxlu hədislərlə rastlaşırıq. Bu hədislər içərisində xüsusi ilədə Novruzun yaranma səbəbləri diqqəti cəlb edir. Həmçinin islam dinində Novruzun xüsusi əməlləri qeyd olunub. Məs: Bayram qüslu, oruc tutmaq və bu günün namazını qılmaq. İslamda Novruz barəsində dərin təhqiqat apararkən bu günün Əli (ə) və övladlarına aid olan bir gün olduğu məlum olur. Beləki bəzi hədislərdə Əlinin (ə) bir adının Novruz olduğu və bu günün Əhli-beyt (ə) və tərəfdarlarının günü olduğu sübuta yetirilir. Müəlla ibni Xənis İmam Sadiqdən (ə) belə nəql edir: "Həqiqətən Novruz o gündür ki, Peyğəmbər (s) Qədir-Xum günü camaatdan Əli (ə) üçün əhd aldı. Camaatda onun vilayətinə iqrar etdilər. Xoş olsun o kəsin halına ki, öz əhdində sabit qədəm qalıb və vay olsun o şəxsə ki əhdini sındırıb. Bu həmin gündür ki, Peyğəmbər (s) Əlini (ə) cinlər vadisinə yola saldı. Həzrət Əli (ə) onlardan əhd-peyman aldı. Bu həmin gündür ki, Əli (ə) Nəhrivanlılara qalib gəlib, zus-sədiyəni öldürdü.
Bu həmin gündür ki, biz Əhli-beytin (ə) qaimi əmr sahibi İmam Məhdi (ə.f) zahir olacaq. Allah-təala onu dəccala qalib edəcək. Həzrət Məhdi (ə.f) dəccalı Kufədə dara çəkəcək. Və elə bir Novruz yoxdur ki, biz fərəcin intizarında olmayaq. Çünki Novruz bizim günlərimizdəndir. İranlılar onu hifz edib siz ərəblər isə onu zay etmisiniz. Bəni-İsrail peyğəmbərlərindən biri Allahdan istədi ki, ölmüş qövmünü diriltsin. Həmin qövm ölüm qorxusundan evlərindən çıxmışdı.
Allah minlərlə nəfərdən ibarət həmin qövmü öldürmüşdü. Allah-peyğəmbərinə vəhy etdiki, onların qəbrlərinə su töksün. Onların qəbrlərinə su töküldüyü gün Novruz idi. Su töküldüyü gün həmin üç mindən ibarət qövm dirildi. Beləliklə Novruz günü su tökmək sunnətə çevrildi. Amma heç kim onun səbəbini bilmir. Yalnız elm sahibləri bundan agahdır. Bu gün iranlıların ilinin ilk günüdür.” (Biharul-ənvar c 56, s 116. Vəsail c 5, s 288)
Müəlla deyir: Novruz günün sübh vaxtı İmam Sadiqin (ə) hüzuruna getdim. Həzrət (ə) buyurdu: Ey Müəlla bu günün nə olduğunu bilirsən? Dedim: Xeyr. Amma bu elə bir gündür ki, iranlılar həmin günü əzizləyir və bir-birlərinə təbrik deyib, dua edirlər. İmam (ə) buyurdu: "Bu belə deyil. And olsun Məkkənin (şəhər) ürəyindəki köhnə evə (Kəbə). Bu gün qədim bir əmrlə bağlıdır. Onu sənin üçün təfsir edirəm ki, xəbərdar olasan. Dedim: Elmi sizin yanınızda öyrənmək mənim üçün əbədi yaşamaqdan daha sevimlidir. Və Allah sizin düşmənlərinizi məhv etsin.
İmam (ə) buyurdu: Ey Müəlla Novruz həmin gündür ki, Allah-təala bəndələrindən ona ibadət etmələri və heç bir şeyi ona şərik qərar verməmələri, Rəsullarına və övliyalarına iman gətirmələri üçün əhd alıb. Bu həmin gündür ki, günəş ilk dəfə şüa saçıb. Külək bu gün əsib. Yer üzünün gül-çiçəkləri bu gün yaradılıb. Bu həmin gündür ki, Nuhun (ə) gəmisi cudi dağında qərarlaşıb.
Bu həmin gündür ki, minlərlə insan ölüm qorxusundan evlərindən çıxıb ölmüş sonradan Allahın əmri bu gün yenidən dirilmişdilər. Bu həmin gündür ki, Cəbrail (ə) Peyğəmbərə (s) nazil olub. Bu İbrahimin (ə) öz qövmünün bütlərini sındırdığı gündür. Bu Peyğəmbərin (s) Əlini (ə) çiyninə götürüb yuxarı qaldırdığı, həmin gündür ki, Qureyşlilərin bütlərini Allah evinin üstündən yerə töküb sındırdı.”
Müəlla ibni Xənis İmam Sadiqdən (ə) Novruzun əməlləri barəsində belə nəql edir: Novruz gəldikdə qüsl et, ən təmiz libaslarını geyinib gözəl iyli ətir vur və bu gün oruc tut. Zöhr-əsr namazlarının nafilələrini və özlərini qıldıqdan sonra aşağıdakı kimi dörd rəkət namaz qıl. Birinci rəkətdə fatihə surəsini oxuduqdan sonra 10-dəfə qədr surəsini oxu.
İkinci rəkətdə fatihədən sonra "Qul-ya əyyuhəl-kafirun” surəsini 10-dəfə. Üçüncü rəkətdə fatihədən sonra 10-dəfə ixlas surəsi, dördüncü rəkətdə fatihədən sonra nas və xələq surələri 10-dəfə oxunmalıdır. Bu dörd rəkət qılındıqdan sonra (bu namaz sübh namazı kimi 2-rəkət, 2-rəkət qılınmalıdır) şükr səcdəsi edib, özün üçün dua et ki, sənin 50-illik günahın bağışlansın. (Misbahul-mutəhəccid s 591, Vəsail, c 5, s 288)
Bir nöqtəni qeyd etmək yerinə düşərdi ki, bütün bu sadaladıqlarımızdan sonra məlum olur ki, niyə digər məzhəb nümayəndələri Novruzla müxalifətçilik edərək onu bayram etmirlər. Əli (ə) və övladları ilə düşmənçilik edənlərin Novruzla müxalifətçilik etmələrinin səbəbi bu bayramın məcusilər və ya kafirlərin adəti olmasına əqidə bəsləmələrindən deyil. Əsl səbəb bu günün Əhli-beytlə (ə) bağlı olmasıdır.
Çünki bu gün qədim zamanlardan Əli (ə) və övladlarının adı ilə məruf və məşhurdur. Buna tutarlı səbəbimiz ibni Əbbasın Həzrət Muhəmməddən (s) nəql etdiyi hədisdir. Həmin hədisdə Peyğəmbər (s) buyurur ki, Novruz Əlinin (ə) adıdır.
Daim Əhli-beyt (ə) məhəbbəti ilə yaşayan xalqımızda əsrlərdir bu gözəl bayramı qeyd edir. Novruz yəni Əhli-beytə (ə) aid bu günü bayram edib, sevinmək onların buyurduqlarına ürəkdən ləbbeyk deməkdir. Bütün çətinliklərə, zülmlərə və haqsızlıqlara baxmayaraq qanımızdan gələn Novruzumuzu heç vaxt əlimizdən ala bilməyiblər. İnşaallah bundan sonrada ala bilməyəcəklər.
Sonda bir mətləbidə qeyd etmək istəyirəm ki, Novruzda sonradan kimlərinsə cahilanə addımları nəticəsində bəzi yad və düzgün olmayan adətlər rəvac tapmışdır. Bunları inanc və xalqın qədim adəti kimi qələmə verməyə çalışıblar. Bu bu tamami ilə səhv və məntiqsiz sözdür. Əhli-beytlə (ə) bağlı olan Novruzumuzu onlara layiq şəkildə bayram etmək ümidi ilə...
|