"Sən nə bilirsən ki, Qədr gecəsi nədir?”
Mübarək Ramazan ayının hər bir günü möminlər üçün əzizdir, bu ayın hər gününün, hər dəqiqəsində bərəkət, rəhmət, ilahi nuraniyyət nazil olur Allah dərgahından. Düzdür ki, Ramazan ayının hər anı möminlər üçün fürsət və gözəl şansdır ki, onlar keçmişdə elədikləri günahlardan ötrü tövbələr eləsinlər, Ramazandan məsum uşaq misalı kimi çıxsınlar. Düzdür ki, Ramazan zatən, günahları yandıran aydır, duaların geri çevrilmədiyi bir aydır. Amma, bu Ramazanda bir gecə var ki, Allah o gecəni digər, hətta, Ramazanın digər gecələrindən fərqli və daha şərafətli və şansı bol olan bir gecə qərar verib. O gecə, bildiyimiz kimi mübarək Qədr gecəsidir, kimisi bu gecəyə "əhya gecəsi” də, deyir.
Quranı qonaq edən gecə
"Əhya” sözünün mənası "həyy” sözündəndir və oyaq olmaqlığa deyərlər. Bu gecə Həzrət Peyğəmbərimizin (s) və Onun Əziz ailəsinin (ə) oyaq qaldıqları bir gecədir. Hədislərdən bizə belə çatıb ki, Onlar (ə) bu gecələri fürsət bilib oyaq qalardılar və ibadətlə keçirərdilər. Mübarək Ramazan ayının və Qədr gecəsinin şərafətinə şərafət qatan, nuraniyyətinə nuranilik əlavə edən Qurani-Kərimdir. Bir evə çox hörmətli qonaq gələn zaman o evin əhli necə bəxtiyar hesab edir özünü. Bir fərahlıq, bərəkət hiss olunur sanki evdə. Çünki bu evin əziz qonağı var.
Mübarək Ramazan ayının, Qədr gecəsinin də, çox əziz bir qonağı var. Bu qonaq Allahın Kitabıdır, Peyğəmbərin (s) ümmətə əmanət etdiyi dəyərli bir əmanətdir. Qədr gecəsi Quran gecəsidir, Ramazan ayə Quran ayıdır. Möminlərin Qədr gecəsində səhərə qədər oyaq qalıb ibadət etmələrinin içində bir ibadət var; Quranı başa qoyub Allahı Həzrət Peyğəmbərin (s) və İmamların (ə) məqami-ismətinə and veririk. Fəlsəfəsi nədir bu əməlin? Biz belə etməklə Allaha deyirik ki; "İlahi, bu gecə bu Kitabı bizə göndərmisən və biz də, bu kitabı başımızın üstünə qoyuruq, bu Kitabı qoruyuruq!” Mübarək bir hədisdə belə buyurulur: "Hər kim Qurani-Kərimi özünə rəhbər bilərsə, Quran onu cənnətə aparar, hər kim Quranı özünə rəhbər bilməzsə, Quran onu cəhənnəmə yönəldər.” Nə buyurur Həzrət Peyğəmbər (s) bu hədisi-şərifi çatdırmaqla bizə? Bu hədisdən bu məna hasil olur ki, kimlər ki, Quranı özünə rəhbər bilər, yəni, Quranın işığında addım atar, buyurulanlara əməl edər, Quran ona doğru yola göstərər. Zira, Quran açıq-aşkar hidayət kitbıdır, zülmətli kainatda mayakdır, yol göstərəndir. Kimlər ki, Qurana sarılmazlar, əlbəttə ki, o kəslər yollarını azar və cəhənnəmlik olarlar. Çünki onların əməli Qurana mütabiq olmaz.
Qədr gecəsi və Qurandakı eyni adlı surə
Mübarək Kitabımızda Qədr gecəsinin fəzilət və üstünlüyündən danışan qısa bir surə var. Qısa, amma, Qədr gecəsinin dərəcəsini çox müfəssəl bir şəkildə bəyan edən bir surə. Bizi Qədr gecəsi ilə tanış edən bir surə. Bu surədə Allah Qədr gecəsinin məqamından danışır. Bir gecənin böyüklüyü ondan bilinir ki, bu gecə Allahın haqqında Quranda danışdığı yeganə gecədir. Mübarək "Qədr” surəsində Allah buyurur: "Həqiqətən Biz, Onu (Quranı) Qədr gecəsi nazil etdik!” Bir xüsusa toxunmaq istərdik ki, bu gecədə Quranın nazil olması məsələsi, Quranın başqa surələrində də, xatırladılır. Mübarək "Bəqərə” surəsinin 185-ci ayəsində Allah-Təala belə buyurur: "Ramazan ayı elə bir aydır ki, Quran bu ay nazil olmuşdur.” Bu mübarək ayədə də, bir daha təsdiqlənir ki, Quran mübarək Qədr gecəsində nazil olmuşdur. Bu müddəanı təsdiqləyən başqa bir ayədə buyurulur: "Biz onu mübarək bir gecədə nazil etdik.” ("Duxan” surəsi, ayə 3)
Bu ayədəki "mübarək gecə”dən məqsəd Qədr gecəsidir ki, bu ayə həm Quranın Qədr gecəsi nazil olmasından və həm də, Qədr gecəsinin bərəkətli bir gecə olmasından bəhs edir. "Qədr” surəsinin sonrakı ayələri Qədr surəsinin fəzilətindən danışır: "Sən nə bilirsən ki, Qədr gecəsi nədir?” Növbəti ayədə isə, o mətləbdən bəhs olunur, Allah o xüsusa toxunur ki, möminlər üçün çox əhəmiyyət daşıyır və böyük dəyərə malikdir bu xüsus. Allah "Qədr” gecəsinin üstünlüyünü göstərir. "Qədr gecəsi min aydan xeyirlidir.” Həmd və səna olsun Aləmlərin Rəbbinə, yerin-göyün Sahibi-mütləqinə ki, bizə minnət qoyur. Bu gecəni elə bir şərafət və fəzilətlərə bürüyüb ki, bu gecədə qılınan namazlar, edilən ibadət və dualar min ayın ibadət və itaətindən üstün və şərafətdə alidir.
Hədisdə buyurulur ki, bir gün Həzrət Peyğəmbər (s) ilahi minacatlarının birində "İlahi, sən əvvəlki peyğəmbərlərin ümmətlərinə uzun ömür vermisən, onlar da, sənə ibadət və itaət edib çox savablar qazanmışlar. Amma, mənim ümmətimə qısa ömür verdiyin üçün onlar bu nemətdən məhrum olmuşlar”- deyə, buyurub. Allah-Təala isə, Həzrət Peyğəmbəri (s) agah edib ki, İslam ümmətinə elə bir gecə təyin edilib ki, bu gecə min aydan üstün və şərafətlidir. Min ayda bu bir gecənin (Qədr gecəsinin) şərafəti və min ayın ibadət və itaətində bu gecənin ibadət və itaətinin üstünlüyü yoxdur. "O gecə mələklər və Ruh (cənab Cəbrail) Rəbbimizin izniylə hər işdən ötrü enərlər. O gecə sübh açılana qədər sülh-əmina-amanlıq, salamatlıq olur.”
Quran və Əhli-Beyt (ə)
Nə zaman Qurandan danışarkən Əhli-Beytdən (ə) danışmağı istisna etmək olar? O zaman ki, Quran Əhli-Beytdən (ə) və Əhli-Beyt (ə) Qurandan ayrı düşə. Bu ki, mövcudluğu imkansız olan bir şeydir. Ta ki, Qiyamət qopacaq, o günə qədər Quran və Əhli-Beyt (ə) bir-birindən ayrılmazdır. Bu, sadə bir insanın bəyan elədiyi mətləb deyil, haqqında Həzrət Peyğəmbərin (s) ömrünün sonlarında belə, təkid və israrla bəhs etdiyi mövzudur. Məhşur "Səqəleyn” hədisi-şərifi var. Mənası "İki böyük əmanət” və yaxud "iki böyük yük”dür bu sözün. Nədir o iki böyük əmanət? Həzrət Peyğəmbərimizin (s) bu hədisi İslam alimlərinin barəsində ittifaq etdikləri hədisdir. Çox cüzi fərqlə bu hədisi məna etibariylə bütün mühəddis və ravilər eyni nəql edir. Çox məhşur və hamımızın sirlərinə varid olduğumuz hədisdir ki, Allahın Rəsulu (s) buyurur ki, Mən sizin aranızda iki dəyərli əmanət tərk edib gedirəm. Biri Qurani-Kərimdir, ikincisi isə Əhli-Beytdir (ə) ki, bu iki əmanət bir-birindən Qiyamətə qədər ayrılmayacaqlar. Kim onlardan önə keçsə, həlak olacaq, kim onlardan dala qalsa məhv olacaq. Hədisi geniş də, yazmaq və haqqında danışmaq olar, amma, bu barədə çox nadir insan tapılar ki, bilməsin. Hədis əlbəttə ki, əhatəlidir və hətta, kitablar yazılıb bu hədis barəsində.
Önəmli xüsus
Burda bir məsələ təkidlə vurğulanmalıdır. Sual oluna bilər ki, bəs biz Məbəs bayramını, İslam Peyğəmbərinin (s) peyğəmbərliyə seçildiyi bayramı qeyd edəndə deyirik ki, İslam bu gün, yəni, Rəcəb ayının 27-də zühur edib və ilk vəhyin endiyi gündür həmin gün. Bəs Quranın niyə Ramazan ayında endiyi, Qədr gecəsi nazil edildiyi iddia edilir? Doğru sualdır, amma, cavabında buyurulur ki, Qurani-Kərim iki dəfə nazil edilib, daha doğrusu iki məqamda. Biri, birbaşa Peyğəmbərimizin (s) qəlbinə, bütövlükdə. Necə ki, əvvəldə zikr etdiyimiz ayələr təsdiqlədi ki, Quran Qədr gecəsində nazil olub. İkinci məqamda isə, Quran nazil edilib tədriclə, yəni, aramla, ayə-ayə. Bunun da, təsdiqi əlbəttə ki, Quranın özündə var.
Həzrət Peyğəmbərə (s) Quran tədricən nazil edildikdə ilk enən ayə mübarək "Ələq” surəsinin ilk ayəsi- "oxu, Rəbbinin adı ilə...” sözləriylə başlayan ayəsi olub. Ərəb dilinin qramatikasına da, müraciət etməli olsaq, müddəamız öz dəlilini tapmış olar. Belə ki, Quranın "İsra” surəsinin 106-cı ayəsində buyurulur: "İnsanlara aramla (yavaş-yavaş) oxuyasan deyə, Biz Quranı hissələrə ayırıb (ayə-ayə, surə-surə) göndərdik. Biz onu tədriclə, (iyirmi üç ilə yaxın bir müddət ərzində) nazil etdik.” Bu ayədə isə, təsdiqlənir ki, Quran Peyğəmbərə (s) tədricən, hissə-hissə nazil olub.
İndi isə qramatikaya müraciət edirik; Duxan surəsinin 3-cü ayəsində və bir az əvvəl zikr etdiyimiz ayədə (hər ikisində) "nuzul” (nazil olma) sözləri işlənmişdir. "İsra” surəsindəki ayədə "nuzul” sözü "tənzil” formasında işlənmişdir ki, bu da, təfil babındadır, yəni, tədricən işin baş verməsini bildirir. Yəni, "tənzil” sözü tədricən nazil olmaya deyilir. Amma, "Duxan” surəsindəki ayədə isə "nuzul” sözü "inzal” formasında gəlib və bütövlükdə (birbaşa) nazil olmanı bildirir. Deməli, bu kiçik təhlildən bu aydın oldu ki, Quran iki dəfə, iki məqamda nazil edilmişdir. Bir bütövlükdə, birdəfəlik, bir də, hissə-hissə, yəni tədricən.
Həzrət Əlinin (ə) gecəsi
Mübarək Qədr gecəsindən danışarkən, xüsusiylə, Qurandan söz düşmüşkən Həzrət Əlidən (ə) danışmamaq mümkün deyil. Qədr gecəsi həm Quran gecəsidir və həm də, Həzrət Əli (ə), Əhli-Beyt (ə) gecəsidir. Bu gecə Quranın nazil edildiyi gecədir və həm də, Həzrət Əlinin (ə) şəhid edildiyi, ədalət mehrabında- səcdədə şəhadət şərbətini içdiyi gecədir. Bu gecə dinin sütunlarının yıxıldığı bir gecədir. Bu gecə qəm gecəsidir, mələklərin salam göndərdiyi, arxasında durub iqtida etdiyi şəxsin şəhadət gecəsidir.
Burada qeyd ediləsi o məqam var ki, Həzrət Əlinin (ə) mübarək və səadətli təvəllüd günü də, şəhadətə yetdiyi gün də, birbaşa Quranın nazil edildiyi aylardadır. Mübarək və səadətli təvəllüd Rəcəb ayının 13-dədir ki, Rəcəb ayı ilk vəhyin endiyi aydır. Mübarəklik bundadır ki, Peyğəmbərə (s) 23 il müddətində Quran nazil edildikdə, ilk ayəni Peyğəmbər (s) cənab Cəbraildən alanda, Həzrət Əli (ə) Həra mağarasında Peyğəmbərlə (s) birlikdə idi. Hələ o zaman Həzrət (ə) 10 yaşında idi. İmam Əli (ə) "Nəhcul-Bəlağə”də "Qasiə” adlı xütbəsində Peyğəmbərdən (s) danışır və bu məqama toxunur: "...O hər gün xasiyyətlərindən birini mənə öyrədir və ona qulaq asmağımı istəyirdi. Hər il Həra dağına çəkilir, qulluğa başlayırdı. Başqası görməsə də, onu mən görürdüm. O gün İslam Peyğəmbərlə Xədicədən başqasının evində yox idi. Mən də onların üçüncüsü idim. Vəhy və peyğəmbərlik nurunu görürdüm, peyğəmbərlik qoxusunu duyurdum. Ona vəhy gələrkən Şeytanın fəryadını eşidirdim və: – Ya Rəsulullah, bu fəryad nədir? – deyə soruşdum. Buyurdu ki: –Bu fəryad edən Şeytandır. Xalqın ona qulluq edəcəyindən artıq ümidini kəsmişdir. Sən mənim eşitdiyimi eşidir, gördüyümü görürsən. Ancaq sən peyğəmbər deyilsən. Fəqət vəzirsən və xeyir tərəfdarısan, ona yetişmisən...”
Həzrət Əlinin (ə) şəhadəti də, Qədr gecəsi baş verir. O Həzrət Ramazan ayının 19-cu gecəsi sübh namazı vaxtı mehrabında cəhənnəm köpəklərindən olan xəvaric Əbdurrəhman ibn Mulcəm (lənətullah) tərəfindən zəhərli xəncərlə zərbətlənir və Ramazanın 21-ci gecəsində şəhid olur. İbn Mulcəm Həzrət Əlini (ə) şəhid etməklə də, öz axirət aqibətini, eləcə də, dünya aqibətini qaraldır, sağlığında ikən özünə cəhənnəm hazırlayır və əbədən Allah və mələkləri və müsəlman ümməti tərəfindən lənətlənir.
Allah-Təala, bizləri bu Qədr gecələrinin hörməti İzzəti xatirinə Qurandan və Əhli-Beytdən (ə), Əlinin (ə) məhəbbətindən bir an belə, ayrı salmasın, Quran və Əhli-Beytə (ə) xatir də, bu Qədr gecələrində günahlarımızı bağışlasın!
|