Həzrət Musa ibni Cəfər (ə) buyurur: "İmam Museyi-Kazım (ə) buyurur ki, hər bir kəs ki, rəcəbdə 1 gün oruc tutar, cəhənnəm ondan 100 illik məsafəyə uzaqlaşar. O kəs ki, rəcəbdə 3 gün oruc tutar – behişt ona vacib olar".
Allahın bəndələrinə olan sevgisi və məhəbbəti o qədər böyükdür ki, bu qədər səhv və xəta işlətmələrinə baxmayaraq, bəndələrinin islah olması üçün çoxlu fürsətlər vermişdir. Bu fürsətlərin hər biri öz növbəsində qızıl fürsətlərdir. İslah olamğın ən mühüm fürsətlərindən biri də Rəcəb ayıdır. Bu ay - "Allahın ayı” adlandırılmışdır.
İlahi fürsətlərin əhəmiyyəti onun Allahla daha sıx rabitəsindən asılıdır. Yəni nə qədər çox qızıl fürsət sayılarsa, bir o qədər Allaha yaxındır deməkdir. Bu səbəbdən ən çox əməlləri olan aylardan biri də Rəcəb ayıdır.
Həzrət Peyğəmbər (s) buyurur ki, Rəcəb ayı - Allahın böyük ayıdır. Və buyurur ki, heç bir ay fəzilətində ona çata bilməz.
Həzrət (s) başqa yerdə belə buyurur: "Rəcəb Allahın ayıdır, Şəban mənim ayımdır və Ramazan ayı ümmətimin ayıdır”.
Hər kim bu ayın bir günün oruc tutarsa, Allahın rizayətini qazanar. İlahi qəzəb ondan uzaq olar. Cəhənnəmin qapıları üzünə bağlanar. İmam Musa (ə) buyurur: "Rəcəb behişt çaylarından birinin adıdır. Süddən ağ və baldan şirindir. Hər kim Rəcəb ayının bir gününü oruc tutarsa, bu çaydan içər”.
Həzrət Sadiq (ə) buyurur: "Həzrət Peyğəmbər (s) buyurub: Rəcəb ayı ümmətimin bağışlanma ayıdır. Ona görə bu ayda çoxlu bağışlanma istəyin ki, Allah bağışlayan və mehribandır. Bu ayda ümmətimə Allahın rəhməti daha çox nazil olar. Çoxlu deyin: "Əstəğfirullahə və əs’əluhut-tövbə””.
İbni Babuyə, Salimdən nəql edir: "Rəcəb ayının sonunda Həzrət Sadiqin (ə) xidmətinə getmişdim. Bu ayın qurtarmağına bir neçə gün qalmışdı. Həzrət mənə nəzər salanda dedi: "Bu ayda oruc tutmusan?” Dedim: Yox. Buyurdu: "O qədər savabı əldən vermisən ki, onun miqdarını Allahdan başqası bilmir. Həqiqətən bu elə aydır ki, Allah onu başqa aylardan fəzilətli etmişdir. Ona hörməti böyük etmiş və oruc tutanlarını əziz tutacağını özünə vacib etmişdir”. Dedim: "Ya ibni Rəsullah! Əgər yerdə qalan günləri oruc tutsam, oruc tutanların bəzi savablarına çata bilərmi?” Buyurdu: "Ey Salim! Hər kim bu ayın son günlərindən birini oruc tutarsa, Allah onu ölümün şiddətindən, ölümdən sonrakı qorxudan və qəbir əzabından qoruyar. Hər kim bu ayın son günlərindən ikisini oruc tutarsa, Sirat körpüsündən asanlıqla keçər. Hər kim bu ayın son günlərindən üç günü oruc tutarsa, böyük Qiyamət gününün və o günün şiddət və qorxusundan amanda olar. Bil ki, Rəcəb ayında oruc tutmağa görə çox sayda fəzilət daxil olmuşdur””.
Belə bir hədis vardır ki, hər kim Rəcəb ayının sübhündə və əsrində 70 dəfə "Əstəğfirullahə və ətubu iləyh” deyər və sonra əllərini qaldırıb deyərsə: "Əllahum-məğfirli və tub ələyyə” . Əgər bu ayda ölərsə, Allah ondan razı olar. Rəcəbin bərəkətinə görə od onu yandırmaz.
Bu aya məxsus çox sayda dualar və zikrlər vardır ki, hər birinin fəziləti böyükdür. Hər kim həyatın qızıl fürsətlərini axtarırsa, bu özünü paklamaq və Allaha yaxınlaşmaq üçün ən yaxşı fürsətdir.
Vaxtınızı düzgün proqramlaşdıraraq, bu ayın misilsiz bərəkətindən faydalana bilərsiniz.
www.deyerler.org
|