Mühəqqiq: Ayətulah əl-uzma Məkarim Şirazi
Nə üçün Hüseyn (əleyhis-salam) unudulmur?
Bəşəriyyət tarixinin ən şanlı qəhrəmannaməsinə çevrilən İmam Hüseyn (əleyhis-salam)-ın həyat tarixinin əhəmiyyəti təkcə hər il milyonlarla insanın hisslər dalğasını təlatümə gətirməsində, bütün mərasimlərdən daha artıq həyəcanlı və əzəmətli bir mərasim yaratmasında deyil; əksinə onun əhəmiyyəti əsas etibarı ilə pak dini-insanı və ictimai amillərdən başqa bir amilinin olmamasındadır; bu tarixi hadisənin ildönümü münasibəti ilə təşkil olunan əzəmətli tədbir və yığıncaqların heç bir müqəddiməyə, təbliğat fəaliyyətlərinə ehtiyacı yoxdur və bu nöqteyi-nəzərdən də misilsiz bir hadisədir.
Bizim əksəriyyətimiz bu həqiqəti bilirik, lakin çoxları, xüsusilə qeyri-islami mütəfəkkirlər üçün hələ də düzgün şəkildə aydınlaşmayan, onların nəzərində müəmma şəklində qalan mühüm məsələ budur: nə üçün kəmiyyət və keyfiyyət baxımından oxşarı az olmayan bu tarixi hadisəyə bu qədər əhəmiyyət verilir?! Nə üçün anma mərasimləri hər il əvvəlki illərlə müqayisədə daha əzəmət və coşqu ilə keçirilir?!
Nə üçün hal-hazırda üməyyə silsiləsindən və onların tərəfdarlarından heç bir əsər-əlamət yoxdur. Hadisənin qəhrəmanları isə unudulmalı olduğu halda Kərbəla hadisəsi özünə əbədilik rəngi almışdır?
Bu sualın cavabını sözügedən inqilab hərəkatının əsil stimullarının axarlarında axtarmaq lazımdır. Biz təsəvvür edirik ki, bu məsələnin araşdırıb təhlil edilməsi islam tarixindən agahlığı olanlar üçün çox da mürəkkəb və çətin deyildir.
Daha aydın bəyanla ilə desək, qanlı Kərbəla hadisəsi hakimiyyət kürsüsünü ələ keçirmək, mal-dövlət qazanmaq, ölkə fəth etmək, ərazi genişləndirmək və s. əldə etmək üçün iki siyasi rəqib arasında baş verən müharibə olmamışdır. Həmçinin bu hadisə qəbilə-tayfa imtiyazlarına əsaslanan iki tayfanın kin-küdurət üzündən qarşıdurmasından və kinlərinin partlayışından qaynaqlanmamışdır.
Bu hadisə həqiqətdə iki fərdi və əqidəvi fikri cərəyanın arasındakı mübarizəsinin aydın səhnəsidir ki, onun alovu bəşəriyyətin macəra ilə dolu olan tarixi boyu lap qədim zamanlardan indiyə qədər heç vaxt sönməmişdir.
Bu mübarizə bütün ilahi peyğəmbərlərin, dünyanın islahatçı və xilaskar insanlarının mübarizəsinin davamı və başqa sözlə desək, "Bədr” və "Əhzab” müharibələrinin davamı idi.
Hamımız bilirik ki, Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih) ictimai və ideoloji inqilab rəhbəri ünvanı ilə bəşəriyyətin hər növ bütpərəstlik və xurafatdan xilası, insanların hər növ cəhalət və zorakılıqdan azadlığı üçün qiyam edərkən zülmə məruz qalanları, haqq axtaranları – onlar bu ictimai dəyişikliyin ən mühüm ünsürləri idi – öz ətraflarına topladı. Bu zaman belə bir islahatçı və mütərəqqi hərəkatın müxalifləri – onların başında bütpərəst varlılar və Məkkə sələmçiləri dayanırdı – öz cərgələrini möhkəmləndirərək, bu səmavi nidanı məhv etmək, onun nurunu söndürmək üçün bütün qüvvələrini işə saldılar. İslamın ziddinə olan bu fəaliyyətlərin bünövrəsini əməvi partiyası qoymuşdu. Onların da başçısı Əbu Süfyan idi. Lakin axırda islamın gözqamaşdırıcı nüfuz və əzəməti müqabilində diz çökdülər, təşkilatları tamamilə dağıldı.
Aydındır ki, bu cür sıradan çıxma onların kökünün tamamilə kəsilməsi mənasına deyil; əksinə onların həyatında dönüş nöqtəsi hesab olunurdu. Onlar islamın əleyhinə apardıqları aşkar fəaliyyətlərini məxfi və tədrici fəaliyyətlərə çevirərək – hər bir inadkar, zəif və məğlubiyyətə uğramış düşmənin proqramları belə olur – öz məkrli tədbirlərini həyata keçirmək üçün münasib fürsət gözləyirdilər.
Bəni-üməyyə qəbiləsi Peyğəmbər (səlləllahu əleyhi və alih)-in vəfatından sonra mürtəce cərəyan yaratmaq və cəmiyyəti islamdan əvvəlki üsul və qaydalara sövq etmək üçün hakim sistemə nüfuz etməyə çalışırdılar. Müsəlmanlar Peyğəmbərin dövründən nə qədər uzaqlaşırdılarsa, onların məkrli tədbirləri üçün bir o qədər münasib şərait yaranırdı. Xüsusilə, müxtəlif səbəblərdən Bəni-üməyyədən başqalarının əli ilə bir sıra cahiliyyət adət-ənənələri dirçəldildi. Bu da cahiliyyət hərəkatı üçün zəmin yaratdı. O cümlədən:
1. İrqçilik. İslam irqi ayrı-seçkiliyin üzərinə qırmızı xətt çəksə də bu siyasət xəlifələrdən bəzilərinin vasitəsilə dirçəldildi və ərəblər qeyri-ərəblər üzərində xüsusi üstünlük əldə etdilər.
2. Müxtəlif ayrı-seçkiliklər. İslamın mahiyyəti ilə heç bir uyğunluğu olmayan ayrı-seçkilik həmin dövrdə zahir olmağa başladı. Peyğəmbər (səlləllahu əleyhi və alih)-in dövründə müsəlmanların arasında bərabər bölünən beytul-mal tamamilə başqa şəkildə bölünməyə başladı, bir çox insanlara yersiz imtiyazlar verildi və cəmiyyətdə sinfi ziddiyyətlər yaranmağa başladı.
3. Peyğəmbərin dövründə ləyaqət, bacarıq, əməl, əxlaqi və mənəvi keyfiyyətlərə görə müəyyən insanlara verilən dövlət məqamları qohum-əqrəba və qəbilə-tayfaçılıq formasında oyun-oyuncağa çevrildi, bəzi xəlifələrin qohum-əqrəbaları arasında bölüşdürüldü.
Həmin şəraitlə eyni zamanda Əbu Süfyanın övladlarından olan Müaviyə islam hökumətinə nüfuz edərək islam məmləkətinin ən strateji bölgələrindən biri olan Şama hakim təyin edildi. Oradan da cahiliyyət hizblərinin tör-töküntülərinin köməyi ilə islam hökumətinin tam mənada ələ keçirilməsi və cahiliyyət dövrünün mürtəce adət-ənənələrinin dirçəldilməsi üçün şəraiti hazırladı
Bu hərəkat o qədər güclü idi ki, imam Əli (əleyhis-salam) kimi böyük bir şəxsiyyətin xilafət dövrü bütünlükdə onunla mübarizəyə sərf olundu.
***
İslama zidd olan bu hərəkatın əsl siması o qədər aşkar idi ki, hərəkatın liderləri belə onu gizlədə bilmirdilər.
Xilafətin Üməyyə və Mərvan sülalələrinə nəql olunduğu zaman Əbu Süfyan özünün tarixi cümləsində həyasızlıqla demişdir: "Ey Bəni-üməyyə! Çalışın, hakimiyyəti əldən verməyin! (Top kimi bir-birinizə ötürün)! And içdiyim şeyə and olsun ki, nə cənnət var, nə də cəhənnəm! (Məhəmmədin qiyamı siyasi bir hərəkət idi!)”
Yaxud Müaviyə İraq hakimiyyətini ələ keçirən zaman Kufədə öz məşhur xütbəsində dedi: "Mən buna görə gəlməmişəm ki, sizi namaz qılıb oruc tutasınız; buna görə gəlmişəm ki, sizə hakim olam! Hər kəs mənimlə müxalifət etsə, onu məhv edəcəyəm!”
Yezid Kərbəlada şəhadət məqamına çatan insanların kəsilmiş başlarını görən zaman dedi: "Kaş Bədr müharibəsində öldürülən ata-babalarım burada olaydı və mənin Bəni-haşimdən necə intiqam aldığımı müşahidə edəydi!”
Bütün bunlar islama zidd olan bu irticaçı hərəkatın mahiyyətini nümayiş edən əyani sübutlar idi; nə qədər irəliləsə, bir o qədər kəskin və pərdəsiz olurdu.
***
İmam Hüseyn (əleyhis-salam) əziz islamı təhdid edən və Yezidin dövründə özünün son həddinə çatan bu böyük təhlükənin müqabilində sükut edə bilərdimi?! Görəsən, Allah, Peyğəmbər və onu böyüdüb boya-başa çatdıran pak insanlar bunu bəyənərdimi?!
Görəsən, həzrət Hüseyn (əleyhis-salam) böyük fədakarlıq göstərərək islam cəmiyyətinə kölgə salan belə bir sükutu pozmalı deyildimi?! Bəni-üməyənin zəhərli təbliğatlarının pərdəsi arxasında gizlənən və cahiliyyət dövrünə məxsus hərəkatın iyrənc simasını ifşa etməli deyildimi?! Gələcək nəsillərə əbədi qəhrəmanlıq irsi qoyub getmək üçün özünün pak qanı ilə islam tarixinin səhifələrinə parlaq sətirlər yazmalı deyildimi?!
Bəli! İmam Hüseyn (əleyhis-salam) bu işi gördü və islam uğrunda özünün böyük tarixi vəzifəsini yerinə yetirdi, islamın tarixinin istiqamətini tamamilə dəyişdi, Bəni-üməyyə tayfasının islama zidd olan məkrli hiylələrini ifşa etdi, onların zülm əsasında son fəaliyyətlərini zərərsizləşdirdi.
İmam Hüseyn (əleyhis-salam) qiyamının həqiqi mahiyyəti məhz budur! Buradan aydın olur ki, nə üçün İmam Hüseyn (əleyhis-salam)-ın adı və tarixi heç vaxt unudulmur, o hər hansı bir dövrə, zamana məxsus deyildir; əksinə onun özü və hədəfi əbədidir.
O, haqq yolunda, ədalət və azadlıq yolunda, Allah və islam yolunda, insanların və insani dəyərlərin dirçəldilməsi yolunda şəhadət şərbətini içdi. Görəsən, bu məfhumlar nə vaxtsa köhnələcəkdir?! Xeyr, heç vaxt!
***
Kim qələbə çaldı?
Bu böyük və qanlı mübarizədə Bəni-üməyyə və onların qəddar, qaniçən və dünyapərəst ordusu həqiqi qələbəyə nail oldumu?! Yoxsa canlarını və hər şeylərini haqqa, fəzilətə eşq yolunda Allaha fəda edən İmam Hüseynə və onun fədakar köməkçilərinə nəsib oldu?!
Qələbə və məğlubiyyətin həqiqi məfhumuna diqqət yetirdikdə bu sualların cavabını tapmaq olar: Qələbənin mənası o deyildir ki, insan müharibə meydanından sağ-salamat çıxsın, yaxud düşmənini həlak etsin. Əksinə, həqiqi qələbə odur ki, insan öz hədəfini irəli aparsın, düşmənin öz mənfur məqsədinə çatmasının qarşısını alsın.
Bu mənaya diqqət yetirməklə bu qanlı mübarizənin yekun nəticəsi tam aydın olur. Hüseyn və onun vəfadar köməkçiləri qəhrəmanlıq və rəşadət göstərdikdən sonra şəhadət şərbətini içsələr də öz müqəddəs hədəflərinə tam mənada nail oldular.
Hədəf bu idi ki, Bəni-üməyyənin islama zidd olan mürtəce hərəkatının mahiyyəti və iç üzü ifşa olunsun, müsəlmanların arasında ümumxalq fikir oyansın, ümmət cahiliyyət dövrünün, küfr dövranının tör-töküntülərinin və bütpərəstlik qalıqlarının hiylələrindən agah olsunlar. Bu hədəf də gözəl formada yerinə yetirildi.
Onlar nəticə etibarı ilə Bəni-üməyyənin zülm və haqsızlıq ağacının kökündən kəsdilər, qəsbkar hökumətin nəslinin kəsilməsi istiqamətində müqəddimələri hazırlamaqla – belə ki, cahiliyyət adət-ənənələrinin, fəsad və irqçiliyin, zülmkarlığın dirçəldilməsi bu hökumətin fəxri idi – onun iyrənc, mənfur kölgəsini müsəlmanlarının başı üzərindən götürdülər.
Yezidin hökuməti peyğəmbər ailəsindən olan fəzilətli insanları, xüsusilə də islamın böyük rəhbəri və peyğəmbərin sevimli nəvəsi imam Hüseyni qətlə yetirməklə öz həqiqi simasını, mənfur mahiyyətini ifşa etdi, peyğəmbərin canişinliyini iddia edən bu alçaq insanların iç üzünü hamıya göstərdi.
Qəribə deyildir ki, Kərbəla hadisəsindən sonra baş verən bütün inqilab və üsyanlarda "şəhidlərin intiqamı”, yaxud "Ali-Məhəmmədin rizası” şüarlarını görürük. Bu şüarlar Bəni-Abbasın hakimiyyətə çatdığı dövrə qədər davam etmişdir. Onlar da bu şüardan istifadə edərək hakimiyyətə çatdılar, amma sonradan zülm etməyə başladılar. Bundan da böyük qələbə ola bilərdimi ki, onlar öz müqəddəs hədəflərinə çatmaqla yanaşı, üstəlik bütün dünya azadlıqsevərləri üçün bir nümunə və örnəyə çevrildilər.
Nə üçün yas saxlayırıq?
Bəziləri irad tutub deyirlər ki, imam Hüseyn (əleyhissalam) qələbə çaldısa, nə üçün bayram keçirmirik? Nə üçün ağlayırıq? O böyük zəfər müqabilində bu cür ağlamaq düzdürmü?
Bu iradı tutanlar əzadarlığın mahiyyətini başa düşmür və onu zəlalət üzündən olan ağlamaqla səhv salırlar. Ağlamaq və insan qəlbinin qapısı olan gözdən axan yaş, dörd qisimdir:
1. Şövq və sevinc üzündən ağlamaq
Uzun illərdən sonra öz əziz balasını tapan ananın ağlaması, yaxud bir ömür məhrumiyyətdən sonra pak eşqinə nail olan, vüsala çatan şəxsin axıtdığı göz yaşları şövq və fərəhdən irəli gəlir.
Kərbəlada baş verən qəhrəmanlıqların çox qismi fərəhləndirici, təsirli hərəkətlərdir. Onu eşitmək və ya zehində canlandırmaqla insanın gözündən sevinc yaşları axmağa başlayır. Bu qədər rəşadət, fədakarlıq, şücaət və insaniyyəti, zahirdə əsir olmasına baxmayaraq kişi və qadınların atəşin xütbə söyləməsi və s. kimi hadisələri eşidən insan göz yaşı axıdır. Bu göz yaşları məğlubiyyətə dəlildirmi?!
2. İnsani duyğular üzündən ağlamaq
İnsanın qəlbi daş deyildir! İnsani duyğularını təcəssüm etdirən bu qəlb soyuq qış gecəsində atasının fərağında və anasının ağuşunda can verən yetim bir uşağın can vermə mənzərəsini müşahidə etməklə lərzəyə gəlir, göz yaşı axıtmaqla bu duyğuların cizgilərini onun üzündə cızır. Bu da insani duyğularla dolu olan diri bir qəlbin göstəricisidir.
Görəsən, Kərbəla hadisəsində atasının qucağında oxlanaraq qanına qəltan olan, əl-ayaq çalaraq çapalayan və oradaca can verən südəmər körpənin başına gələnləri eşitməklə, insanın qəlbi döyünərsə, öz ürək yanğısını göz yaşları ilə izhar edərsə, bu ağlamaq zəlalət və bacarıqsızlıq nişanəsidir, yoxsa o qəlbin ayıqlığına dair bir dəlildir?!
3. Hədəflə bağlı ağlamaqlar
Bəzən göz yaşları insanın hədəfindən xəbər verir. "Biz imam Hüseyn (əleyhissalam)-ın məramı ilə həmfikir, onun hədəfi ilə həmahəngik və onun məktəbinin ardıcıllarıyıq” – demək istəyənlər bəzən bu işi alovlu şüarlar verməklə, yaxud şerlər oxumaqla nümayiş etdirirlər. Amma bəzən bu işlər uydurma ola bilər. Lakin bu təsirli hadisəni eşitməklə qəlbindən üzünə göz yaşları axıdan bir şəxs bu həqiqəti daha artıq sədaqətlə bəyan edir. O, bu göz yaşları ilə İmam Hüseyn (əleyhissalam)-ın yavərlərinin müqəddəs hədəflərinə vəfadarlığını, onlara qəlbən və ruhən bağlı olduğunu elan edir, bütpərəstlik və zülm ilə mübarizəyə qalxdığını göstərir, aludəliklərə qarşı ikrah hissini nümayiş edir. Belə ağlamaq həzrətin müqəddəs hədəfləri ilə tanış olmadan mümkün ola bilərmi?!
4. Zillət və məğlubiyyət üzündən ağlamaq
Öz hədəflərinə nail olmayan, daxilində inkişaf, qələbə üçün heç bir ruhiyyəyə malik olmayan zəif və bacarıqsız insanların evin bir küncündə oturaraq aciz-aciz ağlaması bu qisimdəndir. İmam Hüseyn (əleyhissalam) üçün belə ağlamaq əsla rəva deyildir. O həzrətin özü də belə ağlamaqlara nifrət hissi ilə yanaşır. Əgər ağlayırsansa, insani duyğulardan, hədəfə olan bağlılıqdan, şövq və fərəhdən ağla.
Amma matəm və əzadarlıqdan daha mühüm məsələ imam Hüseyn (əleyhissalam)-ın və onun köməkçilərinin məktəbi ilə yaxından tanış olmaq, əməldə o böyük şəxsiyyətin hədəfləri ilə bir olmaq, pak olmaq, pak yaşamaq, düzgün düşünüb düzgün əməl etməkdir.
|