"Qəlbim təmizdir" deyib namaz qılmayanlara cavab
Mütəal Allah, insanların maddiyyat aləmində və həm də Axirətdə səadət əldə etmələri üçün, nizama uyğun bir proqram tərtib etmişdir ki, həmin proqram insanların zahiri deyil, həqiqi xoşbəxtliyini təmin etməkdədir. Bu proqramın tələblərində hər hansısa bir yoruculuq, mürəkkəblik, ağırlıq müşahidə etmək qeyri-mümkündür. Bu proqram, insanların enerji, güc-qüdrət, fitrət, daxili aləm, zəka, ruh və bütövlükdə vücuduna tamamilə uyğun bir formada tərtib edilmişdir. Bir-iki sözlə ifadə etsək, vacib əməlləri tərk etməmək, qadağan edilmiş haramlardan çəkinməkdən ibarətdir həmin proqram. Bu vacib əməllərə riyaət etmək, eləcə də, haramları tərk etmək, heç şübhəsiz insanların yalnız özləri üçün səmərəli, qazanclı (mənfəətli) olması səbəbilədir. Yəni, vacib əməli yerinə yetirmək, haram və bəyənilməyən işlərdən çəkinmək insanın özü üçün bir səmərədir və insan bunu bir gəlirli iş bilməlidir özü üçün. Lakin, bu gün çevrəmizdəki insanların çoxunun ilahi əmrlərə riyaət etmədiyinin şahidi oluruq. Xüsusilə qeyd edilməlidir cəmiyyətin ilahi göstərişlərə qarşı olan biganəliyi. Daha çox ehtiyac var bu barədə danışmağa, təbliğat aparmağa, insanlara nə üçün Allahın əmr etdiyi mühümata əməl etməyi bəyan etməyə! Çünki bu sahədə təbliq zəif olduğu təqdirdə, toplum bir çox mövhümatlara qapılır, cəfəngiyyatlara meyl edir. Məsələn, bu gün insanların çoxu belə güman edir ki, namaz qılmaq qəlbi paslanmış, niyyəti qara, məqsədi çirkin insanlara aiddir, ancaq belə şəxslərin ehtiyacı vardır ki, namaz qılmaqla qəlblərini çirkinlikdən paklasınlar. Əksər insanlar bu mövqedən çıxış edir və bu mövhümatlara qarşı mübarizə aparmaq, söhbətlərimizdə bu mövzuya yer vermək zəruridir. Bəhsimizi də, uyğun mövzuda davam etdirməyi məqsədəuyğun hesab edirik.
Namaz haqqında təbliğat apararkən tez-tez "mənim ürəyim təmizdir, qəlbimdə heç kimə kin bəsləmir, paxıllıq etmirəm" və yaxud "mən namaz qılmasam da ürəyim təmizdir" və s. bu və buna bənzər ifadələr eşidirik. Təbii ki, elmsizlik və təbliğatın zəifliyi səbəbilə işlənir bu kimi ifadələr. Əlbəttə ki, bu iddianın heç bir əsası yoxdur və hər hansı dəlilə əsaslanmır bu iddianı edən şəxslər. Və bu fikrin batil olduğunu sübuta yetirmək də olduqca bəsit bir məsələdir.
Əvvələn qeyd etmək lazımdır ki, namaz qılmadığı halda, qəlbinin təmizliyinə iddialı olan şəxslər, ancaq öz aləmində təmiz qəlbli ola bilər. Belə şəxslər ancaq öz aləmində ürəyinin təmiz olduğu qənaətinə gələ bilər. Lakin bu iddia əsassızdır və nə Qurani-Kərimdə, nə də, hədislərdə öz əksini tapmamışdır. Bir ayə varmı ki, bu fikri təsdiq etsin, bir hədisdə buyurulmuşmu bu mətləbin həqiqət olduğu? Əlbəttə ki, yox! Üstəlik əgər biz Qurana və hədislərə müraciət etdikdə görürük ki, hər iki mənbə, namazın, günahların silinib aradan getməsində və qəlblərin paklaşmasında bir vəsilə olduğunu bəyan etməkdədir. "Kitabdan sənə vəhy olunanları oxu və namaz qıl ki, namaz pis və bəyənilməyən işlərdən çəkindirər." (Ənkəbut, 45) Allah bu bəyanında "namaz qıl" dedikdən sonra bunun səbibini açıqlayaraq, "namaz pis və bəyənilməyən işlərdən çəkindirər" buyurur. Bəli, bu ayədə Allah-Təalanın buyurduğu hikmətə müxalif mövqedədir namaz qılmayıb özünü pak qəlbli bilən insanlar. Onlar namaza ehtiyacın olmadığı qənaətinə gəlib qəlblərinin təmiz olduğunu güman və iddia etdikləri təqdirdə, Allah öz kitabında bu nəzəriyyənin tamamilə əksini buyurmaqdadır. Bir başqa ayə, "Hud" surəsinin 114-cü ayəsidir ki, Allah belə buyurur: "(Ya Rəsulum!) Namazı gündüzün iki başında (günortadan əvvəl və sonra, yəni səhər, günorta və gün batan çağı və ya günün iki başında, yəni səhər-axşam) və gecənin (gündüzə yaxın) bəzi saatlarında (axşam və gecə vaxtı) qıl. Həqiqətən, (beş vaxt namaz kimi) yaxşı əməllər pis işləri (kiçik günahları) yuyub aparar." Eləcə də, bu ayədə namazdan və onun vaxtlarından bəhs edilir, daha sonra həqiqətən də yaxşı əməllərin, pis əməlləri yuyub apardığı açıqlanır. Məlumdur ki, yaxşı əməllər səbəb olur pis əməllərin aradan getməsinə, lakin burada yaxşı əməllərdən məqsəd, ayənin əvvəlində haqqında bəhs edilən namazdır. Hər iki ayədə Mütəal Allah, məlum nəzəriyyəni batil edir, həqiqətə uyğun olmadığını aşkara çıxarır. Bu barədə məsumlardan (ə) çoxsaylı hədislər nəql edilmişdir ki, bu hədislərin birində Həzrət Peyğəmbər (səhabələrə müraciətlə) belə buyurur: "Qapınızın kənarından müalicə əhəmiyyətli su arxı axarsa və siz də həmən suda hər gün beş dəfə yuyunsanız, bədəninizin çirkinin yuyulub paklaşmasından sevinərsinizmi?! Müsəlmanlar dedilər: Bəli, ey Allahın elçisi! Həzrət Peyğəmbər sallallahu əleyhi və əlihi və səlləm buyurdu: Gündəlik beş vaxt namaz da belədir." Həzrət Əli (ə) buyurur: "Namaz insanın günahlarını, ağacın yarpaqları kimi tökür." Məsələyə digər aspektdən yanaşsaq, yenə də, tənqid edilən nəzəriyyənin və bu nəzəriyyəni yürüdənlərin yalnış mövqedə olduğunu sübuta yetirmək olar. Namaz qılmayan şəxsin "qəlbim təmizdir" deməsində bir təkəbbürlük və özünü bəyənmişliyin nişanələri ortaya çıxır. Əlbəttə ki, Allahın hüzurunda özünü zəif, aciz, cılız bilməyən bir kəs, Allaha qarşı etdiyi təkəbbürlükdən əlavə, camaatın önündə də lovğalıq edib, özünü böyük, məhtərəm, təmiz adam kimi qələmə verəcəkdir. Allah hüzurunda səcdə etməyən bir kəsin həmin mövqedən çıxış etməsi normaldır. Halbuki həmin təkəbbürlüyün qarşısında bir maneə, yenə də namazdır. Xanım Fatimeyi-Zəhra (ə) buyurur: "Allah-Təala insanı təkəbbürdən çəkindirmək üçün namazı ona vacib etdi." Bədbəxtlik budur ki, toplumun nəzərincə pak qəlbli olmaq, bir miskinə sədəcə vermək, yalan danışmamaq, oğurluq etməmək, kiminsə qəlbini qırmamaq və s. bu kimi yaxşı əməllərdən ibarətdir. Həqiqətən bu əməllərin hər biri həsənə-yaxşı əməllərdir. Islam sədəqə verməyi, dürüst olub yalandan uzaq olmağı, mehribançılığı, bir sözlə bütün yaxşı əməlləri bizə tövsiyə etmişdir. Lakin bütün bunlar kifayət və dəlalət etməz qəlblərimizin paklığına! Insan nə qədər ehsan edəndirsə, namaza da bu qədər (bundan da artıq) önəm verməlidir və bilməlidir ki, bu ehsan Allah dərgahında o zaman məqbuldur ki, namaz məqbul hesab edilsin. Eləcə də, pak qəlbliliyin qəbulu, namazın qəbuluna bağlıdır. Namaz qəbul olunduğu surətdə, digər əməllər də qəbuldur. Imam Sadiq (ə) buyurur: "Bəndədən (Qiyamətdə) soruşulan ilk şey namazdır, əgər namazı qəbul olunsa, digər əməlləri də qəbul olunacaqdır. Namazı qəbul olunmadığı halda, başqa əməlləri də qəbul olunmayacaqdır." Həzrət Əli (ə) buyurur: "Bil ki, bütün əməllərin namazına bağlıdır"
Bundan əlavə, namaz qılmadığı halda "pak qəlbli" olduğuna iddialı olan kəsim, namaz qılmaqla Allahın hüzurunda kiçilən şəxslərin təmiz niyyətli, pak qəlbli olduğunu şübhə altına alır. Məgər namazı olmayan "pak qəlblilər" ilahi elçilərdən-peyğəmbərlərdən üstün, qəlbləri Onların (peyğəmbərlərin) qəlbindən də pakdırmı? Həmin şəxslər buna da iddialıdırlarmı? "Biz onları əmrimizlə (insanları) doğru yola gətirən imamlar (rəhbərlər) etdik. Biz onları xeyirli işlər görməyi, namaz qılmağı və zəkat verməyi vəhy etdik." (Ənbiya, 73) Ayədə söhbət peyğəmbərlərdən gedir və onlara namaz qılmağın əmr olunmasından danışılır. Həzrət Ibrahim (ə) Allaha belə dua edir: "Ey Rəbbim! Məni də, nəslimdən olanları da (vaxtlı-vaxtında, lazımınca) namaz qılan et." (Ibrahim 40) "Musaya və qardaşına: "Camaatınız üçün Misirdə evlər tikdirib onları qiblə (namazgah) edin, namaz qılın və möminləri (zəfərlə, Cənnətlə) müjdələyin!" - deyə vəhy etdik." (Yunis 87) Həzrət Musaya (ə) nazil olan ilk vəhydə buyurulur: "Mən, həqiqətən, Allaham. Məndən başqa heç bir tanrı yoxdur. Mənə ibadət et və Məni anmaq üçün namaz qıl!"
Son olaraq bir məqamı diqqətinizə çatdırmaq istərdik. Yəqin ki, çoxlarımız hansı səbəbdən şeytanın lənətlənib Allah dərgahından qovulması haqqında az-çox məlumatlıyıq. Allah Adəmi xəlq etdikdən sonra mələklərə, Həzrət Adəmə (ə) səcdə etmələrini əmr edir. (bu səcdə ibadət yox, hörmət əlamətidir və əslində Allaha edilən səcdədir) Şeytan da, təkəbbürlənərək, Adəmdən üstün olduğunu düşünərək səcdə və Allaha itaət etməkdən boyun qaçırır, bununla da Allah onu lənətləyərək dərgahından qovur. Insanın "qəlbim təmizdir" deməklə Allaha səcdə etməməsinin, şeytanın "mən ondan üstünəm" (Adəm peyğəmbər nəzərdə tutulur) deyib səcdə etməkdən boyun qaçırması arasında nə kimi fərq vardır? Hər iki əməlin sahibi, Allah-Təalaya qarşı üsyankar və təkəbbürlüdür. Halbuki, şeytan Allahın ən sevimli məxluqlarından biri idi və uzun illər ibadət etmişdi. Bir hədisdə onun (şeytanın) Cənnətin qoruyucusu olduğu, bir hədisdə illərlə ibadət etməsi və yaxud Allahın əzizi, sevimlisi olduğu bildirilmişdir. Nəhayət, təkəbbürlük edərək səcdə etmədi və lənətlənərək Cənnətdən qovuldu. Görəsən, Allaha səcdə etmədiyimiz (namaz qılmadığımız) təqdirdə, bizi hansı aqiəbət, hansı əzab gözləyir? Şeytan kimi lənətlik və qovulmuşlar zümrəsindən olmamağımızdan ötrü, Allahın əmrlərinə sadiq qalmalı, göstərişlərinə hamılıqla riyaət etməli, buyuruqlarından kənara çıxmamalıyıq! Batil, əsassız, şeytani fikirlərdən uzaq durmalı və Allaha təslim olmalıyıq! Müsəlmançılığımızı ancaq Allaha təslim olmaqla sübuta yetirə bilərik! Ilahi, bizi Sənə təslim olanlardan, həqiqi müsəlmanlardan, Quran və Əhli-beyt aşiqlərindən qərar ver, Amin!
|